Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.
1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAz" markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib.
Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
08:56
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub
Qəzada ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.
Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).
Faktla bağlı araşdırma aparılır.
08:09
Şəmkirdə ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.








