RU
Şəmkirdə həkim tələbəsini işə deyil, cinayət əməlinə sövq edib
23:01
2252

Şəmkirdə həkim tələbəsini işə deyil, cinayət əməlinə sövq edib

Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib.

7news.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəxslər rayon sakininə məxsus avtomobildən 15000 manat, 15800 ABŞ dolları və 1 ədəd mobil telefonu ələ keçirməyə cəhd göstəriblər. Lakin polisin ayıq-sayıqlığı ilə arzuları necə deyərlər ürəklərində qalıb.

Şəmkir rayon sakinləri 50 yaşlı Natiq Rzayev, 36 yaşlı Müşfiq Əhmədov və 22 yaşlı Sarif Əliyev qabaqcadan əlbir olub dəstə yaradaraq, rayon sakini Yalçın Sadıqovu qarət etmək üçün plan qurublar. Bir neçə gün sahibkar olan Sadıqovu təqib edən dəstə üzvləri işdən evə gedərkən onun "Mercedes" markalı avtomobilinin yük yerinə külli miqdarda pul qoyduğunu görüblər. Qurulan plan əsasında ötən gün axşam saatlarında Sarif Əliyev pulu avtomobilin yük yerindən götürərək, onu təyin olunan başqa bir yerdə gözləyən yoldaşlarına çatdırmaq üçün ərazidən uzaqlaşmağa cəhd göstərib. Orada xidmət aparan post patrul xidməti əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdi boşa çıxıb.

Bəxtiyar Rəhimov baş müstəntiq: "Həmin şəxslər təxminən bir həftə Yalçın Sadıqovu izləyiblər. Ancaq Sadıqovun avtomobilə əyləşdiyi yerdə daim adamın çox olması planlarını həyata keçirməyə mane olub. Nəhayət 25 fevral 2016-cı il tarixdə Sarif Əliyev Yalçın Sadıqovun avtomobilinin yük yerindən külli miqdarda pulu götürüb qaçarkən yolda polis əməkdaşları tərəfindən saxlanılıb".

Sarif Əliyev ifadəsində dəstənin digər üzvlərini də ifşa edib. Məlum olub ki, Sarif diş texniki olan Müşfiq Əhmədovun tələbəsidir. Əhmədov isə ona işini deyil, soyğunçuluğu təbliğ edib.

Sarif Əliyev saxlanılan şəxs: "Bir neçə gün əvvəl Natiq, Müşfiq və mən bazarın yanından Yalçını izləməyə başladıq. Razılaşdıq ki, mən pulu avtomobilin yük yerindən götürüb işıq idarəsi tərəfə qaçmalıydım. Orada məni Natiqlə Müşfiq gözləyirdi".

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində digər iki nəfər də saxlanılıb.

Müşfiq Əhmədov saxlanılan şəxs: "Bir neçə gün əvvəl onun gedib gəldiyi yerlərə baxdıq. Sonra Sarifə də həmin yeri göstərdik. Axşam mən onu həmin yerə düşürdüm. Natiq isə bizi gözləyirdi. Mən evə gedib-qayıdanda zəng etdim, Sarifin telefonuna polislər cavab verdi. Bildim ki, tutulubdur".

Faktla bağlı cinayət işi açılıb. Qanunu pozanlar əməllərinə görə cavab verməli olacaqlar.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ