Bu gün bütün diqqətlər Avropa Liqasının qrup mərhələsinin beşinci turunda baş tutacaq "Qarabağ" - "Tottenhem" oyununa yönəlib.
7News.Az-ın məlumatına görə, olduqca maraqla gözlənən bu görüşdə hər kəs Ağdam klubundan qələbə gözləyir.
Oyuna futbol azarkeşləri ilə yanaşı sənət nümayəndələrinin də marağı böyükdür.
Belə ki, bəzi tanınmış şəxslər də, "Qarabağ" klubu ilə bağlı fikirlərini 7News.Az-la bölüşüb.
Faiq Ağayev: Bu gün hər kəs kimi mən də "Qarabağ"ı dəstəkləyənlər içərisindəyəm. Ümid edirəm ki, görüşdən qələbə ilə ayrılacağıq. Çünki bu adı daşıyan bir klubun əzimkarlıq nümayiş etdirəcəyi heç də şüphə doğurmur. Odur ki, qələbə bizim olmalıdır.
Çingiz Mustafayev: Futbola elə maraq göstərməsəm də, bu gün "Qarabağ"a dəstək olmalıyıq. Avropa Liqasında uğurlu çıxışımızla bütün dünyaya səs salmışıq. Bu uğurlu oyunlar seriyasını davam etdirəcəyik. İnşallah qələbə qazanarıq.
Sevinc Ağaşirinova: "Qarabağ"ın adı kifayətdir ki, qarşısına çıxan bütün klublara qalib gəlsin. Bizdə bu əzimkarlıq var. Öhdəsindən gələrik inşallah. Oyun çətin keçəcək. Ancaq qələbəyə ümid edirəm.
Murad Arif: "Qarabağ"a uğurlar diləyirəm! İnşallah qazanarlar! "Qarabağ" adına qələbə yaraşar. Gözümüzü yolda qoymasınlar. Qurban müəllimə də dərin sayqımı göndərirəm!
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı bu gün saat 22:00-da başlayacaq.








