Tovuz deyəndə ağıla ilk olaraq saz, aşıq sənəti gəlir. Rayon Azərbaycanda özünəməxsus saz ənənələri olan bölgələrdəndir. Burda əksər evlərdə saz var. Yeniyetmə və gənclərin çoxu da qədim musiqi alətinin sirlərini öyrənməyə maraq göstərir. Amma Tovuzda saz ustalarının, yəni sazbədlərin sayı olduqca azdır.
Binnət Rüstəmov Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbinin saz bölməsinin sonuncu sinifində təhsil alır. 17 yaşlı qəhrəmanımızın saza olan marağı isə ailədən gəlir. Ölkəmizdə mahir saz ifaçılarının əksəriyyəti Aşıq Əsəd Rzayev adına Tovuz Uşaq Musiqi Məktəbini bitirib. Məktəbin saz bölməsi şagird sayına görə ilk pillədədir. Burda 47 şagirdə 4 müəllim dərs deyir. Sovet illərində saza qarşı ögey münasibət bəslənilib. Aşıq sənətinin unudulması üçün anti-təbliğat işləri aparılıb. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra qədim mədəniyyət nümunələrimizdən sayılan saz sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda özünəməxsus aşıq məktəbi olan Tovuz rayonunda da gənclərin bu sahəyə axını var.Tovuzda saza maraq böyük olsa da, sazbəndlərin sayı azdır. Onların bir qismi dünyadan köçüb, bəziləri isə qonşu rayonlarda fəaliyyət göstərirlər. Tovuzun Qaraxanlı kənd sakini 53 yaşlı İsrafil Əmrahov rayonun barmaqla sayılan sazbəndlərindən biridir. O da axırıncı sazını 5 il əvvəl ərsəyə gətirib. Yaradıcılığına fasilə verməsinin başlıca səbəbi isə material çatışmazlığıdır. Musiqi alətini sifariş edənlərinsə sayı çoxdur. 2009-cu ildə Azərbaycanın aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu da milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində mühüm rol oynayıb./ttv(region)
7News.Az








