Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev ətrafında qalmaqal yaranıb.
Mən hal hazırda iş başındayam və mənim geri çağrılmağımla bağlı heç bir rəsmi təlimat gəlməyib.
Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev ANS-ə eksklüziv açıqlamasında barəsində mətbuatda yazılanlara aydınlıq gətirdi. O, söylədi ki, ilin sonuna kimi səfir postunda qalacaq və onun geri çağrılması barədə sərəncam olmayıb. Səfir onunla qohumluq əlaqələrinə malik şəxslərin səfirlikdə çalışmasını təkzib edib:
“Geri çağrılmaqla bağlı şəxsən heç bir sərəncam, təlimat almamşam. Belə bir təlimat gələnədək öz fəaliyyətimi davam etdirəcəm. Hesab edirəm ki, mənbəyi bəlli olmayan məlumat məhz Xarici İşlər Nazirliyinə qarşı aparılan kampaniyadır. Heç bir həqiqətə uyğun məlumatlar deyil. İstət qohumlarla bağlı, istərsə də rüşvətxorluqla bağlı”.
Altay Əfəndiyev yanvarın 1-dən GUAM-ınbaş katibi vəzifəsinin icrasına başlayacaq. Mətbuatda Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyevin bu il mayın 20-də prezident İlham Əliyevin imzaladığı sərəncamla geri çağırmasına baxmayaraq hələ də postunu tərk etməməsi ilə bağlı məlumatlar yer alıb.
Araşdırma zamanı məlum oldu ki, 4 ay əvvəl dövri mətbuatda, ciddi hesab edilən xəbər agentliklərində, o cümlədən rəsmi dövlət orqanı – “Azərbaycan” qəzetində Altay Əfəndiyevin geri çağrılması barədə dövlət başçısının sərəncamı dərc olunub.
19 may 2015-ci il tarixli sərəncam maraqlıdır ki, dövlət agentliklərində, eləcə də prezidentin rəsmi səhifəsində yer almayıb. Səfir də bu faktı əsas gətirərək, vəzifəsində qaldığını deyir. Amma qaranlıq suallar var!
Ümumiyyətlə son vaxtlar Azəraycanın xaricdə fəaliyyət göstərən diplomatları ilə bağlı bir neçə qalmaqal ortaya çıxıb. Onlardan bəzisi siyasi sığınacaq istəyib, bir neçəsi isə geri çağrılıb.
Bundan sonra xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət əməkdaşları arasında etik qaydaları pozanların və yarıtmaz fəaliyyət göstərənlərin olduğunu, belələrinin cəzalandırılacağını bildirmişdi.
Keçmiş diplomat, politoloq Fikrət Sadıqov hesab edir ki, hər bir diplomat Vyana Konvensiyasına və Azərbaycanın diplomatik xidmət haqqında qanuna riayət etməlidir. Səfirliyin ən kiçik işçisindən tutmuş birinci postadək hər biri siyasi rəhbərinin kursunu, ölkəsinin maraqlarını qorumalıdır:
“Nəzarət də olmalıdır, seçim də olmalıdır. Diplomat da hər bir diplomat işçisindən qanunlara riayət tələb olunur. Bu olmasa, qalmaqal əmələ gəlir və xoşagəlməz hadisələrlə müşahidə olunur”.
Hazırda cənab prezidentin imzası ilə diplomatik xidmət əməkdaşlarının cəzalandırılmasına dair qanunvericiliyə düzəlişlər baxılmaq üçün parlamentə göndərilib.
Dəyişikliyə əsasən, diplomat neqativ hallara yol verərsə, rütbəsi aşağı salına və ya əlindən alına bilər.
Xatırladaq ki, Azərbaycan diplomatları ilə bağlı yaranan bu cür qalmaqal ilk hal deyil. Buna qədər Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov səfir Rövşən Cəmşidov haqqında bir çox ittihamlar irəli sürmüşdü. Daha sonra isə Anar Həsənov hətta fəaliyyət göstərdiyi ölkənin rəsmi orqanlarına müraciət edərək sığınacaq istəyib.
Eyni zamanda Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Cəfərov da tutduğu vəzifədən azad edildikdən sonra sığınacaq almaq üçün Hollandiya hökumətinə müraciət edib./aznews
7news.az








