Ölkənin tanınmış və öndə gələn inşaat şirkərlərindən olan "Sipark İnşaat” haqda son günlər bəzi saytlarda gedən əks-təbliğat materialları ilə bağlı qurum press-reliz yayıb. Musavat.com-a da göndərilən açıqlamanı olduğu kimi dərc edirik:
"Məlum olduğu kimi neçə müddətdir ölkənin tanınan və nüfuzlu tikinti şirkətlərindən biri olan Sipark İnşaata qarşı bəzi saytlar tərəfindən qara piar başlanıb. Dəfələrlə şirkət və rəhbəri ilə bağlı həqiqətə uyğun olmayan yazılarda işgüzar nüfuza xələl gətirilb. Şirkət rəhbərliyi qərəzli şəkildə şər, böhtana məruz qalaraq iyrənc və cəfəngiyyat dolu iddialarla şərəf və ləyaqəti təhqir olunub.
Ötən gün yenə də 7news.az saytında qərəzli yazı tirajlanaraq bir daha şirkətin fəaliyyətinə kölgə salmağa çalışıb. Belə ki, yazıda Baku Art lab adlı prodakşının əsassız iddiaları səbəb götürülərək şirkət və rəhbərliyinin onları dolandırdığı iddia olunub. Əvvəla sayt əsassız şəkildə Sipark İnşaat və rəhbərliyini televiziyaları aldatmaqda təqsirləndirib. Başlıqda qeyd edib ki, Sipark rəhbəri televiziyaları aldatdı. Bu və digər ittihamları yazan "jurnalist” sabah məhkəmədə yazdıqlarını sübut edə biləcəkmi? Nə şirkətin, nə də şirkət rəhbərliyinin heç bir televiziya ilə aldatmaq və aldadılmaq kimi problemi olmayıb, yoxdur.
Əksinə Sipark İnşaatın televiziya layihələrində (serial, veriliş və s) rəsmi şəkildə əməkdaşlıqları kifayət qədər olub. Baku Art Lab adlı prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə isə, adı çəkilən şirkət "Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı Siparka müraciət edib. Baku Art Lab nümayəndəsinə Sipark nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri üçün şirkət məkan və avtomobil dəstəyini Baku Art Lab-dan əsirgəməyib.
Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə göstərdiyinə görə əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni, Baku Art Lab və Sipark İnşaat arasında reklam əməkdaşlığını təsdiq edəcək heç bir rəsmi müqavilə yoxdur. Rəsmi sənədin olmamasına baxmayaraq, Baku Art Lab rəhbərliyi məsuliyyətsizlik yaxud da işbilməzlik göstərərək efirdə 2 ay şirkətin reklamını sponsor kimi təqdim edib. Halbuki, reklamın yayımlanması üçün heç bir rəsmi müqavilə nə Baku Art Lab, nə də serial yayımlanan televiziya ilə yoxdur. Öz məsuliyyətsizlikləri və işbilməzliklərindən çıxılmaz durumda qalan Baku Art Lab indi başqasını ləkələməklə əsassız şəkildə fırıldaqçılıqda ittiham edir.
Məlum, Danabaş kəndində yaşamırıq. Normal əməkdaşlıqlar sivil şəkildə danışıqlıqlar aparıldıqdan sonra rəsmi müqavilə əsasında başlayır. Görünən isə odur ki, problem deyəsən tək Baku Art Lab-ın reklam problemi deyil. Çünki dünən bu məsələ ilə bağlı 7news. Az saytında tirajlanan yazıda KİV haqqında qanun kobud şəkildə pozulub, təhqir, şər, böhtan xarakteri daşıyaraq qərəzli mövqe göstərilib.
Birmənalı olaraq tərəf saxlanıldığı, mövqe göstərildiyi açıq-aydın hiss olunan qeyri-peşəkarcasına hazırlanan, səhvlərlə dolu yazıda hansısa marağın, yaxud sifarişin olduğu qaçılmazdır. Sipark İnşaat şirkəti və onun rəhbərliyi haqqında qərəzli, böhtan xarakterli yazılarını silsilə şəklində davam etdirəcəyini bildirən sayt, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması kimi məhkəmə predmeti olacaq iddiaları ilə bərabər şəxsi həyatın toxunulmazlığı prinsipinə də laqeyd yanaşıb.
Təbii ki, hüquqi və demokratik dövlətdə yaşayırıq. Heç bir cinayət də cazasız qalmır. Bu özbaşınalıq və reket hərəkətlərlə bağlı məhkəmə orqanlarına və mətbuat şurasının sədri Əflatun Amaşova müraciət olunub. Həm Baku Art Lab həm də 7news.az saytı böhtanlarına görə qanun qarşısında cavab verəcəklər. Mən özüm də uzun illərdir jurnalist kimi çalışıram, bu kimi halların mətbuatda artmasına təəssüf edirəm. Şərəfli bir peşədən bazar piştaxtası düzəldənlər təbii ki cəzalanmalıdır!
Sipark İnşaat tikinti şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İradə Nurəddinqızı"








