RU
Siqaret: tüstülü ölüm, ekologiya düşməni...
12:48
5722

Siqaret: tüstülü ölüm, ekologiya düşməni...

Siqaret: tüstülü ölüm, ekologiya düşməni Əzrayılın nikotin formatı...

Bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox ən yeni sivil normalar və dəyərlər artıq qəbul olunmaqda, otruşmaqdadır. Düşünürəm ki, əksər sivil cəmiyyətlərdə olduğu kimi, bizdə də istənilən tütün məmulatlarından azad istifadəyə yox deməliyik. Azərbaycan hökuməti indiyədək bu sahədə humanistlik nümayiş etdirib, bəlkə də siqaret mafiyasının gücü - qüdrəti ona yetib ki, yüngül uyuşdurucu vasitə sayılan siqaret, o cümlədən qəlyan bizdə açıq satışda, eləcə də ictimai yerlərdə istifadə olunmaqdadır. Artıq humanistliyə heç bir yer qalmayıb. Son tədqiqatlar göstərir ki, siqaret çəkən insanların ekologiyaya, təbiətə vurduğu zərər, digər tüstü buraxan, havanı zəhərləyən qazlarla, demək olar, eyni səviyyədədir. Məlum olduğu kimi, bu məsələylə bağlı dünyanın bir çox ölkələrində ictimai polemika açılıb, əksər ölkələrdə tütün məmulatlarından ictimai yerlərdə istifadəyə qadağalar qoyulub. Elə ölkələr var ki, orada 18 yaşdan aşağı şəxslərlə siqaretin satılması qadağandır. Əslində bu qadağa bizdə də var, təəssüf ki, buna əməl olunmur. Hətta kiçikyaşlı məktəblilər də dükana, supermarkete daxil olub rahatca siqaret və spirtli içkilər ala bilir. Soruşanda, "Atam göndərib də!" - milli-mental bəhanəsi hazırdır... Mən indiyə qədər siqaret çəkməyən şəxs olaraq tütün məmulatlarından azad istifadəyə qadağa qoyulmasının tam tərəfdarıyam. Bircə şərtlə ki, siqaret çəkənləri zor gücünü buna vadar etməyək. Bütün qadağalar normal qarşılansa da, insanlar həmişə çalışırlar ki, həmin qadağalardan yan keçsinlər. Ona görə də, həm maarifləndirmənin gücləndirilməsinə ehtiyac var, həm də ictimai iaşə müəssisələrində siqaret çəkənlər üçün ayrıca yerlər olmalıdır. İctimai yerlərdə siqaret qadağasının sui-istifadə hallarına gətirib çıxara biləcəyini də istisna etmirəm. Siqaret çəkməyə görə cərimələr yüksək olsa belə, vəziyyətdən məmurların, hüquq mühafizə orqanları əməkdaşlarının sui-istifadə etməməsi üçün xüsusi mexanizmlər də işlənilib hazırlanmalıdır. Çox təəssüf ki, xüsusilə də inkişaf etməmiş ölkələrdə bu cür sui-istifadə hallarına rast gəlinir. Hətta bürokratik əngəllər törətməklə siqaret çəkən insanların hüquqlarını pozurlar. Belə hallara getməmək şərti ilə, siqaret və tutun məhsullarının - qəlyanların qadağası ilə bağlı milli qanunun qəbulu və ictimai yerlərdə siqaret qadağasının oturuşmuş, sivil normaya çevrilməsinin tam tərəfdarıyam... Bu zaman qadağaların insanların maddi vəziyyətinə təsir göstərəcəyi ilə bağlı mövqeləri qəbul etmirəm. Narkotik və uyuşdurucu vasitə satanlar daha çox qazanırlar, onda belə çıxır ki, biz onlara azadlıq verməliyik? Onu da nəzərə almaq lazımdır ki, onsuz da siqaret satanlar altdan-altdan öz işlərini görəcəklər. Xatırladım ki, keçən əsrin otuzuncu illərində ABŞ-da spirtli içkilərə və siqaretlərə qadağa qoyulmuşdu. Bu qadağa isə qanunsuzluğun və qaçaqmalçılığın geniş yayılmasını şərtləndirmişdi. Amma zaman keçdikcə, hər şey tənzimləndi, problemlər həll olundu. Bizdə ilk vaxtlarda ola bilsin ki, hansısa problemlər yaransın, ancaq zaman hər şeyi yoluna qoyacaq... Siqaret - xüsusən daha zərərverici sayılan qəlyan çəkib özünü xərçəngə yoluxduranların intihar haqqını da qəbul etsək də, hətta elektron siqaretlə tütülədənlərin artığını bilsək də, ictimai düşüncədə bu halın yanlışlıq kimi qəbul edilməsə, çətin problem aradan qalxa... Yeri gəlmişkən, Semaşka adına xəstəxana, eləcə də Yaşıl bazardan yuxarıda xarici siqaretlər satan milli mafia ilə heç kim bacarmır... Xaricdən gələn siqaret qutularının üstündə böyük hərflərlə və qorxunc şəkillərlə siqaretin ölümcül təsiri göstərilir və səhiyyə nazirliyinin xəbərdarlığı verilir. Bizdə istehsal olunmuş tütün məhsularının qutusunun gözqamaşdıran qutusunun adama gəl-gəl deyən dizaynından isə danışmaq belə istəmirəm... Özünüzü tüstülü cəlladan qoruyun! Aydın Xan Əbilov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq

Aydın Xan Əbilov
Kitabxana.net portalının rəhbəri
YYSQ sədri, yazıçı-kulturoloq

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ