Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.
Hadisə zamanı mənzili yanan bina sakinləri - Səbinə Qənbərova, Rövşən Vəliyev, Rahimə Əsədullayeva ifadələrində M.Vəliyevdən heç bir şikayəti və tələblərinin olmadığını deyiblər.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.
F.Sadıqov məhkəmədə ifadəsi zamanı bildirib ki, işləri icra edən "TNH” şirkətinin rəhbəri o yox, Məmməd Vəliyev olub. Həmin vaxt M.Vəliyev ölkədən qaçdığı üçün istintaqa cəlb edilə bilməyib və axtarışa verilmişdi. O, 2 ay öncə ölkəyə qayıdıb və həbs edilib. Digər təqsirləndirilən N.Nuxtarov isə təcridxanada vəfat edib./qafqazinfo
7news.Az








