"İntizam komissiyasında hər hansı bir məsələyə baxılması üçün parlament sədri həmin komissiyaya müraciət etməlidir. Komissiya ancaq Milli Məclisin daxilində olan məsələlərə cavabdehdir. Parlamentdən kənar baş verən məsələlər ancaq məhkəmə yolu ilə həll edilir. Bu parlamentin intizamına aid deyil".
Bunu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən Naqif Həmzəyevin məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağını şərh edən deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev bu məsələnin parlamentdə müzakirə olunacağı ilə bağlı fikir yürüdə bilməz: "Bu jurnalistlərin təxəyyülünün məhsuludur. Necə ki, Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə heç bir şey demədiyi halda onu yalandan bu fikirləri deməkdə ittiham edirlər.

Deputatın səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Fazil Mustafa bildirdi ki, mövqeyini müzakirələrin gedişində bildirəcək:
"İlk əvvəl baxmaq lazımdır ki, müzakirə hansı formada aparılır. Əgər bu intizam xətasıdırsa, xəbərdarlıq və başqa formalardan biri tətbiq edilə bilər. Düşünürəm ki, bu cür statusda olan insanların Azərbaycanın qurucusu olan şəxs haqqında bu qədər aşağılayıcı fikirlər səsləndirməsi ən azından etik və insanlıq cəhətdən yolverilməzdir. Ancaq yenə də hər şey iclasın gedişatından asılıdır. Bəlkə N. Həmzəyev elə bir arqument gətirəcək ki, bizim də fikirlərimiz dəyişəcək. Hər kəsin fikirlərini bildirmək hüququ var. Əgər deputatın fikirlərində peşmançılıq duyğuları olacaqsa, bizim fikirlərimiz fərqli olacaq".
Deputat bütün bunlara baxmayaraq Rəsulzadə haqqında hansısa təhqiramiz fikirlər yürüdülməsinə mövqeyinin çox mənfi olduğunu bildirdi:
"Məhəmməd Əmin Rəsulzadə barədə tənqidi fikir söylənməsini normal qəbul edirəm. Kimsə onun fikirlərini, davranışını yaxud hansısa əsərlərini qəbul etməyə bilər. Ancaq onu vətən xaini adlandırmaq, İrəvanı satmasını iddia etmək, ailəsinə böhtan atmaq tamamilə böhtan xarakterli hərəkətlərdir və bir azərbaycanlı kimi məni də incidir. Ancaq müzakirə zamanı Naqifin özünü müdafiəsində məni qane etməyən məqamlar olsa, deputat haqqında ən uyğun cəzanın verilməsinin tərəfdarı olacam. Burada müxtəlif intizam tədbirləri var: xəbərdarlıq, iclas zalından çıxarma, töhmət və deputat səlahiyyətinin itirilməsi", - deyə F. Mustafa bildirdi.

Millət vəkil Rasim Musabəyov isə Həmzəyevin cavanlıq səhvi etdiyini deyir: "Düşünürəm ki, ona qarşı mediada və cəmiyyətdə sərt fikirlər səsləndirilməsi N. Həmzəyevə ən böyük dərsdir. Cavan oğlandır da, bundan sonra daha ehtiyyatlı olar. Deputatın kimisə təhqir etdiyi halda belə ona hansısa cəza tədbiri nəzərdə tutulmayıb. Deputatın ən böyük cəzası tənbeh ola bilər. Ancaq mən ona sərt cəza verilməsinin tərəfdarı olmayacam. Çünki onsuz da burada Naqif Həmzəyevin deputat mövqeyini itirməsindən söhbət gedə bilməz".
7news.az








