Davam edən döyüşlər fonunda 870 mindən çox insan Ukraynanı tərk edib.
7News.Az Euronews-a istinadən xəbər verir ki, BMT xəbərdarlıq edir ki, bu rəqəm artır və bir neçə saat ərzində milyonu keçə bilər.
Nataşa Kovaçev, Euronews:
"Gün ərzində Slovakiyaya getdikcə daha çox ukraynalı qaçqınlar gəlir. Əsasən uşaqlı qadınlar və qocalar olur. İndiyə qədər gördüklərimizə görə, əksəriyyət sərhədi piyada keçir. Bunun üçün üç saata yaxın vaxt sərf olunur. Sərhədin o biri tərəfində maşınlar uzun müddət necə növbə gözləyir, bilmirik.
Bizdə olan məlumata görə, Ukrayna ərazisindən hər gün 10-15 min insan Slovakiyaya 3 əsas sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olur.
Bu tərəfdə qaçqınlara hər cür köməklik göstərilir. Polis əməkdaşları, hərbçilər və çoxlu sayda könüllülər insanları pulsuz geyim, yemək, dərman və mənzillə təmin edirlər. Koşise, Bratislava, eləcə də Avropanın digər yerlərində yerləşən şəhərlərə də pulsuz nəqliyyat təmin edilir.
Ukraynalı qaçqınlar indi müvəqqəti qorunan şəxs statusu almaq üçün müraciət edə bilərlər. Bu o deməkdir ki, Slovakiyada onlar yerli səhiyyə sistemində tibbi yardım ala və işləyə biləcəklər, uşaqlar məktəbə gedəcəklər. Slovakiya hökuməti bəyan edib ki, ukraynalılar rəsmi qaçqın mərkəzlərində sığınacaq istəsələr, onlar da cib pulu ala bilərlər.
Müvəqqəti mühafizə statusu 2022-ci ilin sonuna qədərdir, lazım gələrsə, daha da uzun müddətə veriləcək.
7News.Az








