Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bəzi Avropa ölkələrində "omikron”un yeni alt növünün müəyyən edilməsinə münasibət bildirib.
Nazirlikdən 7NEWS.Az-a verilən xəbərə görə, o deyib ki, Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVID-19 "omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar. BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır:
"Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır.
Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. "Omikron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur.
Koronavirusun "delta” və "omikron” ştamlarını müqayisəsi onu göstər ki, "delta”da ölüm nisbəti daha yüksəkdir".
7NEWS.Az








