Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən 7News.Az-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon şöbələrinin yanğınsöndürən maşınları və əməkdaşları, FHN-nin xüsusi briqadası, Post Patrul Xidməti cəlb olunub.
Deyilənə görə, içəridə zəhərlənənlər var. "Azəriqaz", "Azərişıq" və "Azərsu" nun maşınları da hadisə yerindədir.
Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. Tüstüdən 100 metrədək məsafə görünmür.
Yanğın baş verən obyektin yaxınlığında 2 məktəb binası və çoxlu yaşayış binası yerləşir.
***
Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.
Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.


7News.Az








