"Müharibə göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, kənar güclər qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir".
Olaylar.az xəbər verir ki, bunu Ermənistanın "168 jam" qəzeti yazıb.

Aydın məsələdir ki, erməni mətbuatının bu sayaq açıqlamaları təsadüfi deyil. Birmənalı olaraq, bu qəbildən olan mövzular baş nazir Nikol Paşinyanın siyasi rəqibləri tərəfindən gündəmə gətirilir və tirajlanır.
Məqsəd isə aydındır - Ermənistanda mövcud hakimiyyətə qarşı üsyanın yetişdiyinə zəmin hazırlamaq. İndi erməni müxalifəti yaranmış şəraitdən yararlanmaqla onsuz da narazı olan kütləni Paşinyan rejimi ilə açıq qarşıdurmaya sürükləmək istəyir. Buna stimul da var.
Azərbaycan Ordusunun cəbhədə qazandığı ardıcıl və erməni ictimai rəyi üçün gözlənilməz olan qələbələri Paşinyanın daxildə mövqeyini xeyli dərəcədə sarsıdıb. Sirr deyil ki, indi hətta Paşinyanın ətrafında olan vəzifəli şəxslər belə ona əvvəlki tək etibar etmir. Bu vəziyyətdən isə onun rəqiblərinin yararlanacağı və Paşinyana qarşı fürsət düşən kimi əks hücuma keçəcəkləri birmənalıdır.

Bu mənada erməni mətbuatının yuxarıda qeyd edilən açıqlaması üsyana başlamaq üçün sanki bir siqnal rolunu oynaya bilər.
Ermənistanda siyasi qarşıdurmanı tətikləyən isə təkcə müharibədəki uğursuzluqlar deyil. Pandemiya onsuz da zəif olan Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Cəbhədə uğradığı acı məğlubiyyətlər seriyası isə iqtisadiyyatı tam olaraq çökdürməkdədir. Artıq Ermənistanın uğursuzluq labirintindən çıxacağı möcüzə kimi görünür.
Belə reallıqlar fonunda hazırda Ermənistan cəmiyyəti çalxalanmaqdadır. Düşmən ölkədə hakimiyyətə qarşı narazılıq şiddətlənir. Həmin şiddət isə sonda Paşinyan iqtidarına qarşı üsyana gətirib çıxara bilər.
Bəs, belə olacağı təqdirdə hansı ssenarilərə şahidlik edə bilərik? Burada hadisələrin ehtimal edilən bir neçə mümkün variantı nəzərdən keçirilə bilər.
Ola bilsin, Paşinyan hakimiyyətə necə gəlmişdisə, həmin yolla da iqtidardan salınsın. Yəni, mümkündür ki, küçədən hakimiyyətə gələn Paşinyan elə meydan etirazları ilə də yola salısın. Amma bu dəfəki inqilab artıq məxməri olmaya bilər, Ermənistanda qan qaçılmazdır.

Digər tərəfdən, Ermənistanda saray çevrilişi də istisna deyil. Bu çevrilişi Paşinyan əleyhinə olan hərbçilər həyata keçirə bilər. Bunun müəyyən siqnalları da yox deyil. Paşinyan bir sıra yüksək rütbəli hərbçiləri işdən uzaqlaşdırıb, onların arasında orduda nüfuza malik generallar da var. Bununla da generallar arasında özünə çoxsaylı düşmən qazanıb.
Digər diqqətçəkən məqam odur ki, Dağlıq Qarabağdan silah-sursat Ermənistana daşınır. Bunun da açması odur ki, Paşinyan əleyhinə olan hərbçilər həmin silah-sursatla saray çevrilişi etmək istəyir.
Belə vəziyyətdə Ermənistanda vətəndaş müharibəsinin başlanması reallığı da istisna edilməməlidir. Bir sözlə, Ermənistanda mövcud hakimiyyətin mövqeyinin laxlayacağı birmənalıdır. Yaxın zamanda Ermənistanda ya növbəti inqilab, ya saray çevrilişi, ya da vətəndaş müharibəsinin gerçəkləşəcəyi ehtimalı realdır.(sfera)








