"Necə türk bankısız
bilmirəm, amma filialınızda 1 türk lirəsi də ala bilmədim”.
Saytımızınaraşdırmasına səbəb olan bu sözlər "Ziraat Bank Azərbaycan”ın Feysbuk səhifəsində
bankın müştərisinin yazdığı şikayətdə yer alıb.
Bank ilə bağlı şikayətlər təkcə bununla kifayətlənmir. Həmin səhifədə
apardığımız qısa axtarış zamanı məlum oldu ki, "Ziraat Bank Azərbaycan”ın müştərilərinin
çox hissəsi bankdan narazıdır. Belə ki, müştərilər bankın ATM sayının
azlığından və filiallarının yetərli olmamasından da şikayətlənirlər. Ən
maraqlısı isə banka gələn müştərinin adi bir bank əməliyyatı üçün 35 dəqiqədən
çox gözləməli olduğu faktıdır.
Bəlkə də bütün bu şikayətlərin əsas məğzini təşkil edən problemləri bankın hələ
tam qüvvəsi ilə işə başlamaması və ya digər iqtisadi səbəblərlə əlaqələndirmək
olardı. Amma araşdırmamızı davam etdirdikcə daha məyusedici və əsaslı
boşluqlarla qarşılaşdıq.
2014-cü ilin dekabr ayında Mərkəzi Bankdan lisenziya almış və iki ildən
artıqdır ki, yuxarıda qeyd etdiyimiz şikayətlər fonunda fəaliyyət göstərən
"Ziraat Bank Azərbaycan”ın yaydığı illik və rüblük prudensial hesabatlarında
yer alanları sizlərə təqdim edirik.
Bank, yoxsa valyuta dəyişmə məntəqəsi?
2017-ci ilin ikinci rübündə "Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 1
milyon 743 min manat olub. Bunun 1 milyon 469 min manatı xarici valyuta ticarəti
üzrə gəlirlərdən əldə olunub. Digər rüblərə aid göstəricilərdə də eyni hal təkrarlanmaqdadır.
Sual yaranır: Türkiyənin dünyaca məşhur "Ziraat Bank”ı, necə deyərlər, Azərbaycanda
bank adı ilə valyuta dəyişmə məntəqəsimi açıb?
Hesabatda bankın 2016-cı ildə kənd təsərrüfatına 837 min manat kredit ayırdığı
da göstərilir. Bu isə "Ziraat Bank Azərbaycan”ın kredit portfelinin heç 1,5
faizini də təşkil etmir. Məlumat üçün bildirək ki, "Ziraat” sözü Türkiyə türkcəsindən
tərcümədə "kənd təsərrüfatı” deməkdir... Adına yaraşırmı?!
Bu ilin ikinci rübündə bankın aktivlərinin həcmi 154 milyon manat, kredit
portfeli isə 65 milyon manat təşkil edib. Ən təəccüblü məqam ondan ibarətdir
ki, bankın kreditlər üzrə məqsədli ehtiyatları cəmi 23 min manat təşkil etməkdədir.
Maraqlıdır, görəsən, bu məhdud məbləğlə bank gözlənilməz risklərdən necə
qorunmağı düşünür?
Daha bir mühüm məqam: dünya şöhrətli bir bankın Azərbaycandakı törəməsi sahib
olduğu kredit portfelinin 88%-ini cəmi 14 borcalana verib. (2016-ci ilin yekun
hesabatı – red.) Bu cür məhdud müştəri qrupu ilə çalışmaq axı nə Türkiyə, nə də
Azərbaycan bankı üçün təqdir olunası bir hal deyil.
"Ziraat Bank Azərbaycan”ın rəsmi saytında yerləşdirilən hesabata görə, məcmu
kapital rüblər üzrə dəyişsə də (50 milyon, 57 milyon, 60 milyon manat), məcmu
kapitalın adekvatlıq əmsalı 10 faizdən nə aşağı olur, nə də yuxarı. Doğrudur,
10 faiz adekvatlıq əmsalı Mərkəzi Bank tərəfindən qoyulmuş normadır... Amma belə
bir təsəvvür yaranır, sanki bank özü rəqəmləri elə tənzimləyir ki, 10 faizlik
normadan aşağı düşməsin.
Bankın korporativ məsuliyyət nümunəsi
Göründüyü kimi, faktların yer aldığı hər bir hissə cavab tələb edir. Elə bu məqsədlə
də açıqlama almaq üçün "Ziraat Bank Azərbaycan” ilə əlaqə saxladıq. Əvvəlcə
Marketinq Departamentinin direktoru Zümrüd Hacıyeva ilə müsahibəyə dəvət
edildik. Amma bankda bizə dedilər ki, həmin department direktoru hansısa vacib
bir işinə görə işdə yoxdu. Və suallara bankın İdarə Heyətinin üzvü Vüqar Rəfiyevin
cavab verə biləcəyini bildirdilər. Təəssüf ki, V.Rəfiyevdən də cavab ala bilmədik./axar.az
İCMAL.az
Analitik Təhlil Saytı







