RU
Son vaqona minmə, ay kişi?
17:05
601

Son vaqona minmə, ay kişi?

Bakı metrosunda sonuncu vaqondan yalnız qadınların istifadə etməsi üçün sosial şəbəkələrdə başladılan aksiya birmənalı qarşılanmayıb.

Oktyabrın 31-də facebook səhifələrinin birində təklif olunan aksiyanın mətni dünən ilahiyyatçı Hacı Şahinin adına bir neçə səhifədə paylaşıldıqdan sonra daha geniş müzakirəyə səbəb olub. Sosial aksiya iştirakçıları kişilərə sonuncu vaqona minməməyi və beşinci vaqonun yalnız qadınların istifadəsində olmasını təklif edib. Onların fikrincə, bu yolla qadınların ictimai nəqliyyatda rastlaşdığı bəzi problemlərin qarşısını almaq olar. Ancaq ideya birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bəziləri bunu gender bərabərliyinin pozulması, bəziləri isə dini cəhətdən qadınları ayırmaq kimi qiymətləndirib. Onların sözlərinə görə, qadınların vaqonunu ayırmaqdansa, ictimaiyyət içində özünü apara bilməyən kişiləri ümumiyyətlə metrodan uzaqlaşdırmaq lazımdır. Normal düşüncəli qadın və kişi metroda yanaşı duran zaman heç bir problem yaşana bilməz.

İlahiyyatçı Hacı Şahin isə səhifənin ona aid olmadığını bildirib: “Mənim adıma bir rəsmi səhifə vardı. Ona da haker hücumları oldu, sındırdılar. Hazırda adıma onlarla belə səhifə var və onların heç biri mənim deyil. Səhifələri işlədənlərin heç birini də tanımıram. Həmin səhifələrdə çox vaxt məndən sitatlar paylaşılır, əksəriyyəti də səhvdir. Mənim səsləndirmədiyim fikirləri də ora yazırlar. Mən heç vaxt belə fikir səsləndirməmişəm. Ümumiyyətlə, axırıncı vaqona minməmək həll yolu deyil. Bu, düzgün olmayan, qeyri-ciddi fikirlərdir”.

Qeyd edək ki, metroda hər hansı bir vaqonun yalnız qadınların istifadəsində olması dünya təcrübəsində var./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ