“Təhsil sistemində həyata keçirilən islahatlar – təhsil sisteminin əmək bazarı ilə real iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşımızda duran əsas bir vəzifədir”.
7News.Az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib. O qeyd edib ki, həm sosial biznes, həm də təhsil cəmiyyətə töhfə vermək fəlsəfəsi ilə birləşir.
“Mən çox ümid etmək istərdim ki, bu gün bizim cəmiyyətimizdə, bizim tələbələrimiz arasında formalaşan yeni təfəkkürlü Azərbaycan vətəndaşları məhz sosial biznes yanaşması ilə öz iddialarını ortaya qoyur və sosial biznes yanaşması ilə öz uğurlarına imza atır”.
Nazir qeyd edib ki, bu, Dövlət İqisad Universitetinin bilik potensialının artırılması üçün çox mühüm bir addımdır.
“Sosial biznesin kökündə duran mövzu ondan ibarətdir ki, sahibkarlıq yalnız gəlir götürməkdən ibarət olmamalıdır, müəyyən mənada cəmiyyətə töhfə verməlidir. Təbii olaraq, təhsilin də kökü daimi ünsiyyətdədir. Məhz keyfiyyətli məhsul vermək üçün təhsil sistemində bilinməlidir ki, əmək bazarında tələb nədir”.








