Bakı Apellyasiya Məhkəməsində Ceyhun Hadıyevin CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 180.2.2-ci (soyğunçuluq, təkrar törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
7news.az xəbər veiri ki, "Cici" ləqəbi ilə tanınan, əvvəllər məhkum olunan Ceyhun Hadıyev 2014-cü ilin noyabr ayında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqın gedişatında məlum olub ki, o, həyətlərdə və küçələrdə rastlaşdığı azyaşlı qızların aldatma yolu ilə sırğalarını oğurlayıb. Hadıyev cinayət əməllərini Bakının Binəqədi rayonu və Sumqayıt şəhərinin ərazisində törədib, ümumi olaraq onun hesabında 9 epizod olub.
Ceyhun Hadıyev istintaqın ilkin mərhələsində Şüvelanda yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılıb. O, təcridxanada qayda qanunu pozduğuna və qaşıq udduğuna görə, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə prosesində təqsirləndirilən şəxs
hələ də həmin alətin onun mədəsində olduğunu deyib.
Ceyhun Hadıyev ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti təmin etməyib və hökmü qüvvəsində saxlayıb.








