Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Hondius kruiz gəmisində yayılmış hantavirusla bağlı ölkələri ehtiyatlı olmağa çağırıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Parisdəki səhiyyə rəsmilərinin məlumatına görə, virusa yoluxan fransız qadının vəziyyəti ağırdır və o, reanimasiyada süni tənəffüs aparatına qoşulub.
Madriddə keçirilən mətbuat konfransında çıxış edən Gebreyesus, çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə İspaniyaya təşəkkür edib. O bildirib ki, hazırkı vəziyyət genişmiqyaslı epidemiya demək deyil, lakin virusun inkubasiya müddəti uzun olduğundan yaxın həftələrdə yeni yoluxma halları qeydə alına bilər.
İndiyədək Argentinadan Kabo-Verdeyə hərəkət edən MV Hondius gəmisində hantavirus səbəbindən üç nəfər həyatını itirib. Ölənlərdən biri Almaniya, ikisi isə Niderland vətəndaşıdır. ÜST virusun "Andes” variantı üzrə doqquz yoluxma halını təsdiqləyib. Gəmidən təxliyə olunanlar arasında bir Fransa və bir ABŞ vətəndaşında da virus aşkarlanıb.








