Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının bağlanması məqsədilə “change.org” saytında “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verilib. Ekspertlər hesab edir ki, Ermənistanın dünya ictimaiyyətinin stansiyanın bağlamaq tələblərinə məhəl qoymaması və istifadə müddətini 2026-cı ilə qədər uzatması region ölkələrinin daha 10 il təhlükə vəziyyətdə yaşaması deməkdir. Buna görə də beynəlxalq müstəvidə məsələnmin yenidən gündəmə gətirilməsinə zərurət var.
“Stop Metsamor!” petisiyasında bu atom elektrik stansiyanın Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə olduğu bildirilir. Uzun illərdir heç bir yenilənmə işləri aparılmayan AES-də qəza baş verərsə Ermənistan da daxil olmaqla, bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Petisiyada o da vurğulanır ki, uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatlar Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, lazimi tədbirlərin görülməsini tələb edirlər. Petisiyaya qoşulanlar arasında əcnəbi ölkə vətəndaşları da var. Mütəxəssislərin fikrincə, petisiya beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu məsələyə yönəltmək üçün yaxşı addımdır. İllik 42 ton nüvə yanacağı işlədən AES-də təhlükəsizlik tədbirlərinin çox aşağı səviyyədə olması da risk faktorunu artırır. Son proseslər göstərir ki, nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqəti artır. İşğal altındakı Azərbaycan əraziləri də onların sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Son illər Gürcüstan və Ukraynada, o cümlədən Ermənistan-İran, Ermənistan-Gürcüstan, Ermənistan-Türkiyə sərhədlərində radioaktiv materialların qanunsuz alveri və daşınması ilə bağlı açıqlanan 12 fakt üzrə ermənilərin saxlanılması məsələnin ciddiliyini bir daha göstərir. Metsamor stansiyasının nüvə tullantılarının işğal altında olan Azərbaycan ərazilərində basdırılması ehtimalı böyükdür. Bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması da istisna edilmir. Mütəxəssislər belə materialların "Əl-Qaidə" və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bombaların” hazırlanması və istifadəsi riskinin kifayət qədər ciddiləşəcəyini, buna görə məsələnin beynəlxalq səviyyədə həllinin labüd olduğu qeyd edirlər. / Region Tv ( TTV )
7News.Az








