Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 86 yaşlı anasını döyərək öldürməkdə təqsirləndirilən İqor Avşarovun cinayət işi üzrə məhkəmə başa çatıb.
7News.az bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 86 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik izlər olan meyidi mənzilində tapılıb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Müəyyən edilib ki, xeyli vaxtdır, yataq xəstəsi olan L.Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş. Bundan bezən 56 yaşlı İ.Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə anası onu çağırıb. İ.Avşarov əsəbi halda anasına tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib./report
7News.az








