-Azər bəy, hazırda Qarabağ problemi ətrafında cərəyan edən prosesləri necə dəyərləndirirsiniz və üfüqdə sülh görünürmü?
-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir. Ancaq tarixə nzərə salsaq görərik ki, əslində münaqişənin tarixi 100 ildən də artıqdır. Münaqişə ilə bağlı rəsmi Bakı öz üzərinə götürdyü bütün öhdəlikləri edibdir. Lakin görünən odur ki, Ermənistan hər vəchlə status kvonu saxlamağa çalışır. Hesab edirəm ki, sülh prosesi ermənilərə sərf etmədiyindən hər hansı müsbət nəticəni gözləmək də absurddur.
-Bu ərəfədə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına katibliyi ələ alması onun aqressivliyini nə dərəcədə artıracaq?
-Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında katibliyi ələ alması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mənfi istiqamətdə inkişafa səbəb ola bilər. Ermənistan hər bir halda bütün atdığı addımlarda aqresivdir. Və yeni status da hesab edirəm ki, bu aqresivliyin artması ilə nəticələnəcək.
-Cəbhədə atəşkəsin artıq geniş miqyasda pozulması müharibə riskini nə dərəcədə artırır?
-Dünya birliyi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi sönmüş münaqişədir. Ümumiyyətlə, son 5 ildə bu münaqişəyə iyrənc soyuq münasibət bəslənilirdi. Lakin 2015-ci ilin avqust, 2016-c ilin aprel hadisələri bir daha onu sübut etdi ki, bu münaqişə sadəcə olaraq yatan təhlükəli vulkandır. Bu mənada hər gün uduzduqlarını daha yaxından hiss edən ermənilər müxtəlif təxriabtlar törədərək atəşkəsi pozmağa çalışırlar.
-Bu arada Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri Ermənistan üçün bir mesaj ola bilərmi?
-Azərbaycan Türkiyənin həm də hərbi tərəfdaşıdır. Hər iki qardaş ölkənin uzun illərdir ki, birgə hərbi təlimlərin keçilməsi ilə bağlı geniş təcrübəsi var. Bundan başqa Azərbaycan öz ərazisində hərbi təlimlər keçir. Cənab Prezidentin dediyi kimi əgər ermənilər narahatdırlarsa, qorxurlarsa o zaman torpaqlarımızdan çıxsınlar.
-Vasitəçilərin fəaliyyətindəki passivlik problemin həllini mümkünsüz məcraya yönəltmirmi?
-Təxminən 10 il öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərin daha çox xidməti olacaqlarına dair iddialar var idi. Ancaq zaman keçdikcə aydın oldu ki, bu belə deyil. Hər bir vasitəçi ölkə münaqişəyə öz şəxsi maraqları prizmasından yanaşmağa başladı. Belə olan təqdirdə isə hər hansı nəticədən danışmağın da mənası qalmır.
-Hazırkı vəziyyətdə Azərbaycan hansı vasitədən istifadə etməlidir?
-Prezident İlham Əliyev də hər zaman qeyd edir ki, biz sülh tərəfdarıyıq. Bəli, biz sülh tərəfdarıyıq və biz həm də münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. Bu yol ermənilərə sərf etmədiyindən hər çür təxribata imza atırlar.
7News.az








