Süni intellekt xərçəngin erkən diaqnozunda mühüm rol oynamağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu texnologiya təqdim etdiyi geniş statistik məlumatlar və analiz imkanları ilə xəstəliklərin daha tez aşkar edilməsinə kömək edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Qazi Universiteti Tibb Fakültəsinin Daxili Xəstəliklər Bölümünün Tibbi Onkologiya Klinikasının müəllim heyəti üzvü, professor Aytuğ Üner "2-ci Milli Onkologiya Təqaüdçüləri Konqresi” çərçivəsində Antalyada verdiyi müsahibədə süni intellektin artıq dünya səhiyyəsində geniş tətbiq olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt xüsusilə radioloji görüntülərin - MRT, kompüter tomoqrafiyası və patologiya nəticələrinin qiymətləndirilməsində böyük üstünlüklər yaradır:
"Süni intellekt alqoritmlərin hazırlanmasında hər gün daha çox istifadə olunacaq. Həkimlər bu texnologiyadan daha geniş yararlanmalıdır. Süni intellekt elmin və həkimlərin rəqibi deyil, onların köməkçisidir.”
Professor qeyd edib ki, süni intellekt təqdim etdiyi alqoritmlər vasitəsilə xərçəngin erkən diaqnozunda həkimlərə ciddi dəstək verir.
Texnologiyanın verdiyi imkanlar sayəsində böyük həcmdə məlumatların sürətli analizi mümkün olur. Üner bildirib ki, əvvəlki tibbi məlumatların araşdırılması və müqayisəsi diaqnostik prosesə müsbət təsir göstərir:
"Süni intellekt statistik məlumatları təqdim etməklə, ən son elmi mənbələrə çıxışı asanlaşdırmaqla və geniş informasiya bazası ilə həkimlərə böyük dəstək olur.”
Bundan əlavə, robot cərrahiyyəsinin də bir çox sahədə, xüsusilə urologiyada uğurla tətbiq edildiyini vurğulayan Üner qeyd edib ki, bu texnologiya artıq xərçəng əməliyyatlarında da istifadə olunur.
Onun sözlərinə görə, süni intellekt və robot texnologiyalarının inteqrasiyası gələcəkdə cərrahi əməliyyatların daha dəqiq və effektiv həyata keçirilməsinə şərait yaradacaq.








