Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib.
Öncə dövlət
himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Toplantını
açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki,
Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını
tələb etməsəydi yenicə bərpa olunan müstəqillliyimizin itirilmə təhlükəsi real
idi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu
prosesinə mane olmaq istəyən, hərbi və siyasi çevriliş cəhdinə çalışan qüvvələrin,
terror təhlükələrinin qarşısı uğurla almaq mümkün olub: "Ümummilli lider Heydər
Əliyevin gərgin zəhməti nəticəsində ölkəmiz tənəzzül dövrünü geridə qoyaraq
21-ci əsrə yeni, inkişaf edən Azərbaycanla qədəm qoydu. Heydər Əliyev kursunun
layiqli davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
regionun lider dövlətinə, inkişaf etmiş iqtisadiyyata, müasir infrastruktura
malik ölkəyə çevrildi. 26 sentyabrda keçirilən refendumda xalqımız bir daha cənab
prezidentin çağırışına böyük dəstək nümayiş etdirməklə xalqla hakimiyyətin əzəmətli
birliyini nümayiş etdirdi”.
Daha sonra Şuranın hazırladığı "Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf
yolunda” filminə baxış keçirilib.
Millət vəkili, Paradiqma İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri
prof. Elman Nəsirov "Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik
məsələləri” mövzusunda məruzə edərək müstəqillik dövrünün tariximizin ən qiymətli
səhifəsi olduğunu qeyd edib. 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsinin
imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətindən
danışan E. Nəsirov Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin
qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə
hesabladığını deyib. Ulu Öndərin 1993-2003-cü illərdə dünyanın 60-dan artıq
dövlətinin rəhbəri ilə keçirdiyi 485 görüşün hər biri ölkəmizin beynəlxalq
nüfuzunun yüksəldilməsinə xidmət edib.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov
"Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün
Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına
çevrildini bildirib. Ölkənin naşı idarəçiliyinin, hərc-mərcliyin nəticəsində
iqtisadiyyatın tamamilə məhv edildiyini qeyd edən F. Yusifov Ulu Öndərin
1993-cü ilin dekabrından başlayaraq qəbul etdiyi strateji qərarların cəmi bir
neçə ilə öz nəticəsini göstərdiyini vurğulayıb: "Əgər 1995-ci ildə infilyasiya
1800%-ə çatırdısa, 1996-cı ildən başlayaraq makroiqtisadiyyat sabitləşməyə
başladı. 1996-2004-cü illərdə Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsinə qədəm
qoydu, yeni kənt təsərrüftı və sənaye müəssisələri fəaliyyətə başladı. 2004-cü
ildən başlayaraq cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoydu”.
"Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli
Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Ulu Öndərin
ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. MQF prezidenti ötən
25 il ərzində ölkəmizin vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna
doğru çətin və şərəfli tarixi yol keçdiyini deyib.
Rauf Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul olunmasının
o dövrdə bütün MDB məkanındakı ölkələrin tarixində ilk addım olduğunu və müstəsna
əhəmiyyət kəsb etdiyini qeyd edib. Cənab prezident İlham Əliyevin sərəncamı ilə
QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının və Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donorların yardılmasının ölkəmizdə
vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını
qoyduğunu bildirib.








