RU
Suriyada Rusiya qırıcısı vuruldu
21:52
771

Suriyada Rusiya qırıcısı vuruldu

7news.az anspress-ə istinadən bildirir ki, Türkiyə mətbuatında bununla bağlı video görüntü də var. Həmin videoda hərbi təyyarənin vurulduğu və yanaraq yerə düşdüyü aydın görünür.

Türkiyə mətbuatının yaydığı məlumatda Rusiyaya məxsus qırıcının Bəşər Əsədə müxalif qüvvələr tərəfindən Suriyanın paytaxtı Dəməşq şəhərinin Guta ərazisində vurulduğu qeyd edilib. Videonu da məhz həmin müxaliflərin paylaşdığı bildirilib.

Bundan əvvəl sentyabrın 3-də Rusiyanın hərbi Su-30 qırıcıları Türkiyənin hava sahəsinə daxil olmuşdu. Türkiyənin Xarici İşlər Nazirliyi hadisənin saat 12:08-də baş verdiyini və 2 dəqiqə ərzində rus qırıcılarının Türkiyə səmasında uçduğunu bildirmişdi. Türkiyəyə məxsus F-16 hərbi təyyarələrinin xəbərdarlığından sonra rus qırıcıları Suriyaya keçərək Türkiyə hava sahəsini tərk etmişdi.

Hadisədən dərhal sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün Xarici İşlər Nazirliyinə çağırılmışdı. Rusiya rəsmiləri bunun naviqasiya səhvi ucbatından baş verdiyini bildirmişdi.

Rusiya qırıcılarının Türkiyənin hava sahəsinə müdaxiləsini Qərb ölkələri də qınayıb. İngiltərənin Türkiyədəki səfiri Riçard Mur öz tvitter hesabında bununla bağlı yazı paylaşıb. "Rusyanın türk hava sərhədlərini pozması düşüncəsiz addımdır və narahatedicidir. Birləşmiş Krallıq və digər NATO müttəfiqləri Türkiyə ilə çiyin-çiyinədir", - yazan Mur Qərbin Türkiyəyə dəstəyini bildirib.

 

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir. Belə ki, qərardan cəmi bir neçə saat sonra Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb.

Rusiya Suriya ərazisindəki hərbi əməliyyatlarının İŞİD terror qruplaşmasına qarşı olduğunu bildirsə də, Qərb və türk mətbuatı əməliyyatların Bəşər Əsəd hakimiyyətinə müxalif qüvvələrə qarşı yönəldiyini yazır.

Buna uyğun olaraq Rusiya mətbuatında tez-tez İŞİD qərargahlarına, düşərgələrinə endirilən zərbələr haqqında xəbərlər, video görüntülər yayılır. Bununla belə, dünya mətbuatında Rusiya hərbçilərinə hücumlar, onların itkiləri haqqında xəbərlər də yayılır.

Bu yaxınlarda Suriya müxalifətçiləri rus hərbçilərinin olduğu yerlərə hücum ediblər. Verilən məlumatlarda 8 hərbçinin əsir götürüldüyü, 4-nün isə öldürüldüyü bildirilib.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ