QAT Bayırbucaq türkmənləri ilə bağlı dəyirmi masa keçirib və türkmənlərə dəstəyə səsləyib...
Noyabrın 27-də Qarabağ Azadlıq Təşkilatı (QAT) Suriya türkmənlərinin son günlər kütləvi şəkildə qətlə yetirilməsini müzakirə etmək üçün dəyirmi masa keçirib. Musavat.com xəbər verir ki, tədbirdə Suriya türkmənlərinin ağır durumuna diqqət çəkilib. Bildirilib ki, QAT-ın idarə heyətinin bir neçə gün əvvəl keçirilən iclasında bir sıra məsələlərlə yanaşı, Suriya türkmənlərinin ağır vəziyyəti də müzakirə olunub. Müzakirələrdə və qəbul olunmuş qərarda qeyd edilib ki, Suriya türkmənləri bölgədə baş verən hadisələrin günahsız qurbanlarına çevrilib.
Dəyirmi masada çıxış edən QAT sədri Akif Nağı bildirib ki, hazırda Suriyada Bayırbucaq və digər bölgələrdə türkmənlərə qarşı soyqırım siyasəti həyata keçirilir: “Suriyada 300 mindən artıq türkmən yaşayır və onlar haqlı olaraq öz hüquqlarını müdafiə edirlər. Burada türkmənlərə qarşı soyqırım siyasəti yeridənlər türkmən amilini aradan qaldırmaq və kürd dövləti yaratmaq niyyətindədirlər. Kürd dövlətinin yaradılmasına əsas əngəl türkmən amili olduğu üçün orada minlərlə günahsız insana divan tutulur, kütləvi şəkildə qətlə yetirilir. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq hesab edirik ki, Azərbaycan cəmiyyəti və hakimiyyəti hüquqları tapdalanan türkmənlərə həm mənəvi, həm də hərbi dəstək verməlidir”.
Tədbirdə vurğulanıb ki, Suriyada baş verənlər Qarabağ hadisələrini xatırladır. Qarabağ kimi Orta Şərq, o cümlədən, Suriya və İraq türkmənlərinin yaşadığı ərazilər böyük dövlətlərin intiriqa meydanına çevrilib. Rusiya, Fransa və ABŞ öz maraqlarını həyata keçirmək üçün on minlərlə insanı faciə girdabına salıblar, dinc əhaliyə, o cümlədən, qadınlara, uşaqlara divan tuturlar. Rusiya, Fransa və ABŞ bu imperialist siyasətdən əl çəkməli, dinc əhalinin bombalanmasına son qoyulmalıdır.
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, türkmənlərə qarşı Rusiya və İran hərbi əməliyyat keçirsələr də, bu problemə beynəlxalq güclər, Fransa və ABŞ laqeyd yanaşır: “Halbuki kürdlərin problemində öz mövqelərini operativ şəkildə bildirmişdilər. Bu gün Rusiya dünyada heç kimlə hesablaşmadığını göstərmək istəyir. Ancaq bu vəziyyət dayandırılmalıdır. Unutmaq lazım deyil ki, Türkiyəyə zərbə vurulsa, Azərbaycan beynəlxalq aləmdə təklənəcək”.
Politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Azərbaycan cəmiyyətində türkmənlər haqqında məlumat yoxdur və bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
Geniş müzakirənin sonunda dəyirmi masa iştirakçıları adından Suriya türkmənlərinin vəziyyəti və müdafiəsi ilə bağlı bəyanat qəbul edilib. “Biz həmçinin hesab edirik ki, Türkiyə və İran, bütovlükdə İslam Əməkdaşlıq Təşkilatı bu məsələ ilə bağlı daha fəal mövqe tutmalı, kütləvi insan qırğınlarının, humanitar fəlakətin qarşısını almaq üçün konkret addımlar atmalıdır. Qarabağ kimi Bayırbucaq faciəsi də bütün islam və türk dünyasının diqqət mərkəzində olmalıdır”,- deyə bəyanatda bildirilir. Həmçinin qeyd edilir ki, Azərbaycan cəmiyyəti bu məsələdə fəal olmalıdır: “ Biz QAT olaraq öz növbəmizdə Suriya türkmənlərinə hərtərəfli yardım göstərməyə, paltar, qida və digər yardımların toplanmasına, əzilən insanların müdafiə olunması üçün döyüşçü kimi oraya getməyə hazır olduğumuzu bildiririk”. Qarabağ Azadlıq Təşkilatı beynəlxalq təşkilatlara, birinci növbədə Birləşmiş Millətlər Təşkilatına müraciət edir, qurumun Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını, Suriya türkmənlərinin soyqırımına yol verməmək üçün qərarlar qəbul etməsini tələb edir./musavat
7news.az








