Sözünün yiyəsi və yaxud Tacəddin Novruzova minnətdarlığın səbəbi Əslində, vəzifə səlahiyyətləri çərçivəsində mükəlləf olduğu işləri görməyə "sağ olun" düşmür və ya düşməməlidi. Ancaq indiki halda Tacəddin müəllimə "sağ olun" demək də azdı və ya bunu ona mütləq demək lazımdı. Söhbət bir həftə əvvəl ictimailəşdirilmiş bir əyalət problemindən gedir. Bir kənd sakininin çəpərini qaz borusunun qarşısına qoymaqla süni şəkildə yaradılmış problem şişirdildi və Azərbaycanın ən sakit, ən mehriban, ən təqdirəlayiq bölgəsi olan Kürdəmir zərbə mövqeyinə çıxarıldı. Adi bir problemi üç aya həll edə bilməyən yerli hakimiyyətin səriştəsizliyi ucbatından icra başçısı, prokuror, polis, "Azəriqaz" təmsilçiləri topdan və pərakəndə hədəfə alındılar. Qəzetlərdə, onlayn media şəbəkələrində problem qabardıldı və nəhayət, ANS həmişəki kimi öz barışdırıcı mövqeyiylə iç xəbərdə süjet verərək məsələnin həllini sürətləndirdi. Nə olub, nə olmayıb, qoyuruq qırağa və biz şəxsən öz xəttimizlə bir şikayət məktubunun iziylə gedib kabinetinə çıxdığımız Tacəddin Novruzovun bizə verdiyi sözə inanaraq rayondan uzaqlaşdıq, amma məsələnin həllini də izləməyi unutmadıq. Doğrusu, nəinki müavin səviyyəsində, hətta "jek müdiri"nin "get, sabah gəl" prinisipiylə işlədiyi halda, Tacəddin Novruzova bir az şübhəylə yanaşaraq, amma daha çox onun "qanunun aliliyi təmin olunacaq" vədinə inanaraq Bakıya qayıtmalı olduq. Budur, cəmi bircə həftə keçib, problem artıq yoxdur, təbii ki, umu-küsü də yoxdur, böyük-kiçikliyindən asılı olmayaraq istənilən yerdə, istənilən halda, istənilən ədalətin qələbəsi gözəldi. Və istənilən halda mən Tacəddin müəllimə öz otağında dediklərimi xatırladıram. "Əgər siz deyən kimi, vətəndaşın haqlı şikayəti lazımınca cavablandırılacaq, nəhayət, problem həllini tapacaqsa, mən ədalətli mövqedən bu məsələni işıqlandırıb sizə təşəkkür edəcəyəm". İndi həmin vədimə əməl edirəm: "sağ olun, Tacəddin müəllim!" Və həm də həmkarlarıma demək istərdim: birini topa tutanda bir az barıtı az edin! Bu cür problemdən dolayı icra başçısı Ceyhun Cəfərovun adını hallandırmaq, müavinin üstünə o boyda top-tüfənglə getmək insafın yaırısından da azdı. Hələ problemin həllində həm işinə, həm vətəndaşın tələbini yerinə yetirdiyinə, həm də başçını üzüağ etdiyinə görə daha çox iki nəfərə "sağ ol" düşür - birinci müavin Tacəddin Novruzov və memarlıq şöbəsinin müdiri Məhəmmməd Hidayətov. Və bütün bu problemlərin yaradıcısı, Şilyan kəndində əhaliyə təbii qazın verilməsini üç ay yubadan Malik Həşimova "ölmə-diril" iki gün inzibati xəta adıyla cəza verilib, bunu da məzlumun zalım üzərində qələbəsi sayırıq, məhkəmə sədri Sulduz müəllimin də haqqını kəsməyib "sağ olun" deyirik - öz payımıza. Etmədiyimiz təşəkkürdən arıqlamayan polis, prokurorluq işçiləri edəcəyimiz təşəkkürdən yana da heç kökəlib eləyəsi deyillər. Onlara da bir az insaf və mürvət arzulayıb, xoş notlarla bu yazını bitirmək istəyirəm. Bütün problemlərə asan həll arzulayaraq qeyd edirəm ki, balaca bir problemin həlli üç ay yubansa da, biz öz böyük təşəkkürümüzü cəmi bircə həftə yubatdıq!
7News.Az








