Xeyli sayda silah aşkarlanıb.
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyatı davam edir.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Baş Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qəsəbədə daha iki nəfər saxlanılıb.
Saxlanılan şəxslər Nardaran qəsəbəsində yaşayan Ələsgər Həsənov və Nahid Bəhrəmovdur.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktı Sabunçu rayon Polis İdarəsindən təsdiq ediblər.
14:14
Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.
Cəbrayılrayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır.
Məlumata görə, N. Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb.
Lakin N. Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N. Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.
O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.
Qeyd edək ki, noyabrın 26-da Bakının Naradaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.
Taleh Bağırov başda olmaqla, dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
11:17
Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbədə iki mənzildən xeyli sayda silah tutulub.
Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 kalibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib.
Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib.
Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir./trend
7news.az








