"Taliban" sözçüsü Zəbihullah Mücahid qrupun gələcək siyasətini elan etmək üçün Kabildə ilk mətbuat konfransını keçirib.
7News.Az IRNA-ya istinadla xəbər verir ki, onun ilk sözü bu olub: "Əfqanıstan 40 ildən sonra yenidən azad edildi".
Zəbihullah Mücahid əlavə edib ki, Əfqanıstan azad edildikdən sonra "Taliban" heç kimdən qisas almayacaq. "Müharibə bitdi və "Taliban" əleyhdarlarının hamısı əfv edilib. "Taliban" heç kimlə düşmənçilik etmir".
Hərəkat sözçüsü vurğulayıb ki, inklüziv bir hökumət qurmaq üçün ciddi müzakirələr aparılır.
"Taliban"çı qadın hüquqlarından söz açıb: "Qadın hüquqları ciddi bir məsələdir. Biz qadın hüquqlarının İslam çərçivəsində olduğunu və İslam qanunlarına uyğun olaraq fəaliyyətlərini davam etdirə biləcəklərini təmin edəcəyik. Qadınlar kişilər kimi işləyə və cəmiyyətin tamhüquqlu üzvü ola bilərlər".
Mücahid daha sonra xarici investorları ölkəyə sərmayə qoymağa dəvət edib.
O, medianın fəaliyyəti haqqında da danışıb: "Söz azadlığına qarşı deyilik. Ancaq 3 məsələyə diqqət yetirilməlidir. Birincisi, İslam bizim üçün dəyərlidir və qeyri-İslami nəşrlər qəbul edilmir. İkincisi, neytrallıq qorunmalıdır. Üçüncüsü, ölkənin milli dəyərləri nəzərə alınmalı və etnik təəssübkeşlik aşılanmamalıdır".
"Taliban" sözçüsü vətəndaşları ölkəni tərk etməməyə çaağırıb. "Heç kimə zərər verməyəcəyik. İdeologiya və inanc baxımından indiki ilə 20 il əvvəlki "Taliban" arasında heç bir fərq yoxdur. Ancaq siyasi yetkinləşmədə dəyişiklik olub və indi "Taliban" siyasi cəhətdən daha kamildir. Əfqanıstandan kənarda olan siyasi liderlər də əfv edilib, evlərinə qayıda bilərlər".
Sonda Zəbihullah Mücahid bildirib: "Əfqanıstanın artıq xaşxaş yetişdirmə və tiryək istehsalı mərkəzi olmayacaq".








