RU
Tarixə tarixi şəxsiyyətlər bəxş edən elm ocağı
23:00
970

Tarixə tarixi şəxsiyyətlər bəxş edən elm ocağı

Ölkə tarixində misilsiz xidməti olan, əvəzolunmaz şəxsiyyətləri yetişdirən təhsil ocağından danışacağıq. Nəzərə alsaq ki, həmin məkan Qazaxda yerləşir, onda aydındır ki, söhbət müəllimlərin birinci təhsil ocağı olan Qazax Müəllimlər Seminariyasından gedir. Zəngin, qürurlu keçmişi olan, müqəddəs sayılan məkanın bugünki fəaliyyəti yəqin ki, hamıya maraqlıdır.

Azərbaycan tarixinə əvəzsiz ziyalılar bəxş edən bu bina qazaxlı xeyriyyəçi Məşədi İbrahim ağaya məxsusdur. Çar Rusiyasının dağılması, ölkədə gedən islahatlar təhsilin inkişafını zəruri edirdi. Kosalar kəndinin sakini 1918-ci ildə 17 otaqlı mülkünü təmənnasız olaraq seminariyanın istifadəsinə verir. Elə həmin ilin noyabrında Firuddin bəy Köçərlinin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyası rəsmən fəaliyyətə başlayır. Yeri gəlmişkən, seminariyanın binasında məşhur "Dəli Kür" (1969) filminin bəzi səhnələri çəkilib.

Bura Azərbaycanla yanaşı Gürcüstan və Ermənistanda yaşayan soydaşlarımız üçün də faydalı elm ocağına çevrilir. 1959-cu ilədək 3000-ə qədər peşəkar kadr yetişdirilir. Fəaliyyətini dayandırdıqdan sonra isə bu binada müxtəlif müəssisələr fəaliyyət göstərməyə başlayır.

Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Qazax Müəllimlər Seminariyası, Osman Sarıvəlli, Mehdixan Vəkilov, İsmayıl Şıxlı, Seyfulla Şamilov, Möhsün Poladov, Mirvarid Dilbazi kimi dahi şəxsiyyətləri yetişdirib.

Qazax Müəllimlər Seminariyası elm, təhsil, maarifçilik tariximizdə əhəmiyyətli rol oynayıb. Bu seminariyanın yetirmələri milli elmimizin, mədəniyyətimizin, tarix və ədəbiyyatşünaslığımızın inkişafına müsbət təsir göstərib.Təhsil ocağının məzunları özlərinin milli-mənəvi dəyərlərini qorumaq və yaşatmaq qətiyyəti ilə seçilirdilər.

Müəllimlərin dediyinə görə, seminariyanın tarixi, keçmişi ilə bağlı məlumatlı olan şagirdlər çiyinlərində ağır yük, məsuliyyət daşıyır. Azərbaycanın görkəmli ziyalılarının izi ilə getmək, onların bəhrələndiyi elm ocağından faydalanmaq bu gənclərin payına düşüb.

Hazırda binada, Qazax rayon uşaq-gənclər mərkəzi və Aşağı Əskipara, həmçinin Firuddin Şamoyev adına 4 saylı orta məktəb fəaliyyət göstərir. Məktəbdə o dövrü əks etdirən əşyalar bu gündə qorunub saxlanılır.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verib. Digər şəhərlərdə yeni təhsil ocaqlarının yaranması üçün zəmin yaradıb.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ