İraq ordusu və kürd peşmərgə dəstələrinin Mosulun azad edilməsi istiqamətində genişmiqyaslı əməliyyatları davam edir.
Bir neçə dəqiqə əvvəl ordu qüvvələri Həmdaniyə rayonuna daxil olub. Həmdaniyə Mosul əyalətinin eyni adlı şəhərindən 10 kilometr məsafədə yerləşir.
Xatırladaq ki, bir neçə saat əvvəl iraqlı hərbçilər Mosul yaxınlığındakı qədim Nəmrud şəhərini də İŞİD terrorçularından azad edib. Bu şəhərin qalıqları ötən ilin martında terrorçular tərəfindən məhv edilmişdi. İndi isə şəhərdə İraq bayrağı dalğalanır.
Ümumiyyətlə, son 2 gündə hökumət qüvvələri 200 kv.km-dən çox ərazini terrorçulardan azad edib. İŞİD üzvlərinin kütləvi şəkildə şimala tərəf qaçdığı bildirilir.
7News.az







