Əsl adı metamfetamin olan, daha çox "patı" kimi tanınan narkotik maddə Azərbaycanda sürətlə yayılır. Bəzi ərazilərdə hətta bu narkotik maddənin konfet kağızında küçədəki uşaqlara paylanıldığını iddia edənlər də var. Universitetlərin, məktəblərin açılması bu təhlükəni daha da artıracaqmı? Bunun qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?
Mövzuyla bağlı deputat Ceyhun Məmmədov BiG.AZ-a açıqlamasında bildirib ki, son günlər bununla əlaqədar Azərbaycanın hüquq mühafizə orqanları çox ciddi tədbirlərin icrasına başlayıb:
"Bilvasitə daxili işlər nazirinin göstərişinə uyğun olaraq, bu tədbirlər kütləvi şəkildə həyata keçirilir. Bununla yanaşı, gənclər arasında çox ciddi maarifləndirmə tədbirləri aparılmalı, gəncləri aldatmaq üçün hansı metodlardan istifadə olunduğu barədə məlumat verilməlidir. İndi bilirsiniz ki, Konstitusiyamızda bununla bağlı maddə var".
Deputat vurğulayıb ki, ən vacib məsələ gənclərimizin ayıq olmasıdır:
"Bu məsələdə hüquq mühafizə orqanlarının aktivliyi xüsusi önəm daşıyır. Ali təhsil müəssisələrinin açılması ehtimalı var. Hesab edirəm ki, gənclər arasında maarifləndirmə tədbirlərini aktiv şəkildə aparmalıyıq. Gənclərlə yanaşı, valideynlər də maksimal dərəcədə diqqətli olmalıdırlar ki, gənc nəslimizi qoruya bilək".








