RU
Təhsildə radikal yanaşma və uğurlu nəticə - TƏHLİL
17:15
738

Təhsildə radikal yanaşma və uğurlu nəticə - TƏHLİL

Finlandiya modeli dünyaya örnəkdir.  
 
Hal-hazırda səyahət ediləcək ölkələr siyahısında Finladiyanin ilk yerdə olduğu bir çox dostum var. Finlandiyanı onlar üçün bu qədər cəlbedici edən nə Helsinki limanı, nə Laplandiya, nə də məşhur Fin hamamlarıdır. Finlandiyanı bu qədər cəlbedici edən özünəməxsus təhsil sistemidir. Bəli, Təhsil. Maraqlısı ondan ibarətdir ki, yalnız mənim dostlarım yox, təhsil sahəsində çalışan bir çox insan üçün hal-hazırda Finlandiya çox böyuk maraq doğurur.  Fin təhsil sistemində köklü dəyişikiklər təxminən 40 il bundan əvvəl ölkənin iqtisadi inkişaf planının bir hissısi olaraq başladı. Bu yeniliklər kifayət qədər radikal islahatları bərabərində gətirdi və maraqlısı ondan ibarətdir ki uzun müddət bu yeniliklərin uğurlu və ya uğursuz olduğu anlaşıla bilmədi... Ta ki 2000-ci ildə Filandiyalı məktəblilər 57 ölkənin iştirak etdiyi dünyanın ən prestijli təhsil proqramı olan PİSA (Programme for İnternational Student Assessment) yarışmasında birinci yeri qazanana qədər. Bununla da yeni Fin təhsil sistemi özünü təsdiq etmiş oldu. Daha sonra növbəti illərdə keçirilən PİSA proqramlarında da Finlandiya liderliyini əlində saxlaya bildi.  
 
"Nə olur olsun, etməliyik” - Bu yeni Fin təhsil siteminin əsas devizidir və bütün müəllimlər bu sloqana əməl etməyə çalışırlar. Bu sloqan əgər hər hansı bir üsul uğursuz olarsa, dərhal yenisini yoxlamağı və beləcə yeni fikir və ideyalara açıq olmağı nəzərdə tutur.   Ən maraqlı fakt odur ki, Finlandiyada müəllimlik ən prestijli peşə hesab olunur və pedaqoji fakultələrə ən yüksək nəticə göstərən şagirdlər qəbul olunur. Bundan başqa, Finlandiyada hər hansı orta məktəbdə işləmək üçün bir əsas şərt var: Hər bir orta məktəb müəlliminin magistr təhsili olmalıdır.   Fin təhsil sistemində şagird təhsil prosesinin mərkəzində hesab olunur və proqram şagirdin ehtiyac və maraqlarına uyğun olaraq qurulur. Belə ki, əgər hər hansı bir şagird ehtiyac duyarsa, onun üçün xüsusi dəstək ayrılır. Məsələn, Finlandiyada orta məktəb şagirdlərinin təxminən 30%-i 1-ci sinifdən 9-cu sinfə qədər xüsusi yardım alır. Bu dəstək müəllimlər tərəfindən dərslərin hazırlanmasına köməkdən ibarətdir. Əgər hər hansı bir şagird zəifdirsə, həmin şagird diqqətdən kənarda qalmır. Əksinə, həmin şagirdə daha çox vaxt ayrılır. "İstedadlı şagird zəif müəllimlə də öyrənə bilər. "Müəllim olaraq bizim əsas vəzifəmiz  zəif şagirdlərlə işləməkdir” - bunu Louhivuori adlı bir Fin müəllimi deyir.
 
Daha bir fakt: Finlandiyada məcburi imtahan yoxdur. Bəli, imtahan yoxdur. Daha doğrusu yalnız bir imtahan var: məktəbi bitirdikdə verilən ilk və son imtahan. Bundan başqa, Fin təhsil sistemində şagirdlər arasında yarışma, müsabiqə və ümumiyyətlə şagirdlərin bir-biri ilə mqayisə olunmasına icazə yoxdur. Fin təhsil sistemi hər bir şagirdin şəxsi keyfiyyətləri və xüsusi istedadı olduğuna inanır və şagirdlər arasında rəqabət və müqayisəni qəbul etmir.   Əslində, Finlandiyada müəllimlər digər ölkələrlə müqayisədə məktəbdə və sinifdə daha az vaxt keçirir. Onlar vaxtın çox hissəsini dərs proqramının hazırlanması və şagirdlərin qiymətləndirilməsinə ayırır. Şagirdlər isə günün çox hissəsini acıq havada oyun oynayaraq keçirir. Şaxtaya və soyuğa baxmayaraq. Ev tapşırığı isə yoxdur.   Bir çox ölkədə olduğundan fərqli olaraq, Finlandiyada uşaqlar 7 yaşından sonra məktəbə başlayır.  "Biz tələsmirik. Uşaqlar öyrənməyə hazır olanda daha yaxşı öyrənir” – bunu müəllim Louhivuori deyir.   Digər faktlar: Bütün dövlət məktəbləri şagirdləri qida və tibbi yardımla təmin edir. Hətta, ehtiyac olarsa, şagirdi evinə çatdırmaq üçün avtobus və ya taksi ayrılır. Hər uşağa görə dövlət tərəfindən ailəyə 150 avro aylIq yardım göstərilir və bu yardım uşaq 17 yaşına çatana kimi davam edir.  Hər bir orta məktəbə illik 47 000 avro pul ayrılır. Bu pul məktəbin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur.  Sinifdə bir müəllim yox. Bir neçə müəllim eyni vaxtda dərsi keçir.  Komanda şəklində.  Cavid Cəfərov
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ