Tələbələrin yazmalı olduğu kurs işini pulla digər şəxslər görür. Əslində tələbənin özünü yetişdirməsinə hesablanan bu tapşırıq bəziləri üçün qazanc mənbəyinə çevrilib.
7news.Az-ın məlumatına görə, "XəzərXəbər” kurs işi bazarındakı qiymətləri və bunun tələbələrin gələcək karyerasına vura biləcəyi zərəri araşdırıb.
Sadəcə mövzunun adını deməklə hazır işinizi istədiyiniz vaxt bizdən təhvil alırsız. İnternetdə tələbələrə ödənişli referat, diplom işi, həmçinin dissertasiya yazmağı təklif edən bu elanlar görənləri heyrətləndirir. Çünki tələbənin özünün yazmalı olduğu bu elmi işləri kimlərsə alver hədəfinə çevirib. Belə elanlarla tez-tez qarşılaşdıqlarını tələbələr özləri də təsdiqləyirlər.
Universitetlərin dekan və müəllim heyəti də belə halların çox yaşandığını deyirlər.
Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədlinin sözlərinə görə, universitetdə elmi fəaliyyəti zamanı neçə dəfə belə plagiat elmi işlərin şahidi olublar.
Təhsil eksperti Əjdər Ağayev bildirir ki, universitetlərdə belə şəxsləri plagiatlığa sövq edən müəllimlər də var. Hətta bəzən plagiat elmi işlər içərisində dissertasiyalar da olur. Mütəxəssis bildirir ki, belə halların geniş yayılmasına səbəb bu cür qanunsuz fəaliyyətə qarşı mübarizə mexanizminin olmamasıdır.
Mütəxəssisin sözlərinə görə kurs işi eləcə də digər elmi işlər hər bir gəncin gələcək elmi fəaliyyətinin keyfiyyətini müəyyən edəcək uğurlardır. Buna görə elmi işləri plagiat üsulu ilə yazmağa cəhd edənlər gələcəkdə karyeralarında da ciddi çətinlik və uğursuzluğa düçar ola bilərlər.
7news.Az








