“Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır”.
7News.Az-ın məlumatına görə, bunu Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bu gün keçirilən iclasında bələdiyyələrlə bağlı illik hesabatın müzakirəsi zaman deyib. Onun sözlərinə görə, 16 ildir yaradılan bələdiyyələr müəyyən problemlərlə üzləşirlər:
“Ədliyyə Nazirliyinin Bələdəiyyələrlə İş Mərkəzi artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan İşçi Qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər”.
Komitə sədri əlavə edib ki, bələdiyyələrin fəaliyyəti telekanallarda da işıqlandırılmalıdır: “Bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ayda bir dəfə, iki dəfə belə bir verilişin hazırlanması üçün telekanallara müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyalara müraciət etməyib. Ancaq bu gün televiziyalarda o qədər lüzumsuz verilişlər var ki...Biz hamımız bələdiyyələrə dəstək verməliyik”.








