Afrika qitəsinin ən qəddar və amansız terror təşkilatlarından biri, "Boko Haram" danışıqlar masasına əyləşib.
Əsasən Nigeriyada fəaliyyət göstərən silahlı dəstə üzvləri hökumət və Qırmızı Xaç Komitəsinin rəsmiləri ilə danışıqlardan sonra iki il əvvəl qaçırdıqları qızlardan kiçik bir hissəsini girovluqdan azad etməyə razılıq verib. Qruplaşma lideri gözlənilmədən bəyan edib ki, 2014-cü ildə naməlum istiqamətə aparılan 200-dən artıq məktəbli qızın ilkin mərhələdə 21-i evə buraxılacaq. Çibok şəhərində, məktəbdən girov alınan qızlar artıq paytaxt Abucada ailələrinə təhvil verilib.
Yaşadıqlarının şokunu hələ də ata bilməyən xanım şagirdlərin başına gətirilən müsibətlər barədə isə heç kim danışmaq istəməyib. Təkcə o bildirilib ki, girovluqda olanların qalan hissəsinin də geri qaytarılması üçün səylər bundan sonra daha da gücləndiriləcək.
Qeyd edək ki, Beynəlxalq Amnistiya Təşkilatı indiyə qədər "Boko Haram"ın bütün Afrika ərazisində 2 mindən artıq qızı girov götürdüyünü bəyan edib.
7News.az







