Somalidə terrorçuların silahlı hücumu zamanı dünyasını dəyişən azərbaycanlı müəllimənin cənazəsi hələ Türkiyəyə gətirilməyib. Silahlı basqın zamanı yaralanan uşaqların səhhəti isə yaxşıdır.
7news.Az bildirir ki, bu məlumatı musavat.com-a terrorçular tərəfindən öldürülən Kəmalə İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılovun əmisi Arif İsmayılov verib.
Arif İsmayılov bildirib ki, Kəmalə İsmayılovanın cənazəsi dünyasını dəyişən Türkiyə vətəndaşları ilə birlikdə Türkiyəyə gətirliəcək: "Oradan da Bakıya göndəriləcək. Ancaq hələ ki, Somalidədirlər. Əflatun da cənazə ilə birlikdə Bakıya gələcək".
Terrorçuların hücumu nəticəsində Kəmalə İsmayılovanın yaralanan uşaqlarının da səhhəti yaxşıdır. 12 yaşlı Nihat qarın boşluğundan, qardaşı 10 yaşlı Nicat İsmayılov isə boyun nahiyyəsindən güllə yarası alıblar. Onlar hazırda Somalinin paytaxtı Moqadişu şəhərində xəstəxanada müalicə alırlar.
Arif İsmayılov bildirdi ki, uşaqlar yaralı olduğundan onların Bakıya gətirilməsi mümkün olmayıb: "Dedilər ki, ambulans təyyarə olmasa, onları gətirmək mümkün olmayacaq. İndi uşaqların tam sağalmasını gözləmək lazımdır".
Kəmalə İsmaylıvanın cənazəsi Göyçayın Ləkçılpaq kəndinə gətiriləcək. K.İsmayılova əslən Mingəçevir şəhərindədir. Əflatun İsmayılov ailə həyatı qurduqdan bir müddət sonra Türkiyəyə gedib. 1 il 6 ay əvvəl isə ailəsi ilə birlikdə Somaliyə köçüblər.
Xatırladaq ki, martın 31-də Somalinin paytaxtı Moqadişu yaxınlığında mikroavtobusa edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb. Mikroavtobusda Somalidəki Türk Özəl Liseyinin əməkdaşları və şagirdlər olub. Ölənlərdən ikisi Türkiyə vətəndaşı dördü isə Somali vətəndaşıdır.
Kəmalə ismaylovanın həyat yoldaşı Əflatun İsmayılov isə "Turkish Airlines" şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır.
Onların Somaliyə hansı məqsədlə getməsi cəmiyyət arasında birmənalı qarşılanmayıb. Hər kəsə maraqlı olan bu insanların niyə məhz Somaliyə- Afrikanın susuz ölkəsinə, yoxsulluğun, səfilliyin olduğu bir yerə getməsidir.
Somali Şərqi Afrikada "Afrika buynuzu" deyilən coğrafi bölgədə olan bir ölkədir. Çoxlarının bu ölkə haqda bəlkə də məlumatı yoxdur. Somali bizlərə mətbuatdan aclığın, vətəndaş müharibəsinin olduğu bir ölkə kimi məlumdur. Faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanan Somali təhlükəli ölkələrdən sayılır.
Terrorçuların meydan suladığı bir ölkəyə azərbaycanlı və türkiyəlilərin hansı məqsədlə getməsinə gəlincə isə, qeyd edək ki, Somalidə açılan Türk Özəl Liseyi Gülən "camaatı"na məxsusdur. Bu "camaat"ın dünyanın 160-dan çox ölkəsində məktəbləri, hazırlıq kursları var.
Ən ucqar bölgələrə, uzaq ölkələrə müəllim olaraq gedən bu şəxslər "camaat" arasında "gönüllülər" olaraq bilinir. Onlar ya "camaat"ın liderləri tərəfindən başqa ölkələrə göndərilir, ya da bu müəllim və müəllimələr özləri könüllü şəkildə başqa ölkələrə getmək istəyirlər. "Hizmət hərəkatı" adı ilə fəaliyyət göstərən "camaat" üzvləri dünyanın heç bir ölkəsinə məcburi şəkildə göndərilmir.
Xatırladaq ki, Azərbycanda da "Gülən camaatı"nın liseyləri fəaliyyət göstərirdi. Sonradan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla "camaat" arasında yaşanan problemlərdən sonra Azərbaycandakı liseylər bağlandı. Azərbaycandakı "Gülən camaatı"nın ləğvi üçün Ərdoğanın Azərbaycan hökumətinə siyahı verdiyi də iddia edilir.
Azərbaycana "Gülən camaatı"nın ilk üzvləri 5 nəfər olaraq 10 yanvar, 1990-cı ildə Bakıya gəliblər. Bu barədə ətraflı məlumat "Yeşeren ümidlər" verilişində qeyd edilir. "Samanyolu" TV-nin hazırladığı bu verilişin ilk hissəsində - Azərbaycanla bağlı olan 5 bölümlük hissəsində "hizmət" adı ilə başladılan "camaat" hərəkatının ölkəmizdə gördüyü işlər haqda məlumatlar yer alır.
1990-cı il yanvarın 10-da aralarında Sadetdin Başar, Mehmet Tanrısevər, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq, Azərbaycana doğru yola düşürlər. Onlar əvvəlcə Batumiyə, sonra isə Tiflisə gəliblər. Gürcüstandan keçərək Azərbaycana gəlməyi planlaşdıran bu qrup yanvarın 11-də Gürcüstan ərazisinə daxil olub.
7news.Az











