Tərtərdə toy karvanında 1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olan qəzada yaralanan şəxslərin kimliyi məlum olub.
7news.Az-ın APA-ya istinadən xəbərinə görə, Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti orta ağır olaraq qalır.
Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Firuz Nuruyev bildirib ki, qəza nəticəsində xəsarət alan, Ağdam rayon sakinləri Rüstəmova Nərgiz Valeh qızı, Əsgərova Ziba Əsgər qızı, “Mercedes” markalı avtomobilin sürücüsü Rüstəmov Taleh Valeh oğlu və “Niva” markalı maşını idarə edən Mingəçevir şəhər sakini Səfiyev Xəyyam Ələsgər oğlu olub.
Qəza nəticəsində həyatını itirən 1977-ci il təvəllüdlü Həsənova Gülşən Kərəm qızının meyiti Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
12:27
Tərtərdə toy karvanında qəza baş verib.
7news.Az-ın APA-ya istinadən xəbərinə gərə hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.
Toy karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 AN 513 nömrə nişanlı “Niva” markalı avtomobillə toqquşub.
“Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur.
Toqquşma nəticəsində “Mercedes” markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.
Ağdam MRX-dan verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G.Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.








