Rusiya mətbuatında Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısı artıq dərc edilib.
Onların arasında azərbaycanlıların və ya Azərbaycan vətəndaşlarının olub-olmaması barəsində məlumat almaq üçün ATV.az Azərbaycanın Rusiyadakı Baş konsulu Elşad Qulamovla əlaqə saxlayıb. Məsələyə aydınlıq gətirən Baş konsul bununla bağlı açıqlama verib: “Hal-hazırda əldə etdiyimiz məlumata görə, bu təyyarədə Azərbaycan vətəndaşları olmayıb. Lakin dərc olunan siyahı tam deyil və məsələni dəqiqləşdirmək üçün indi mən Pulkovo Hava Limanına yollanıram.”
Qeyd edək ki, Elşad Qulamov Sankt- Peterburqda yerləşən Azərbaycanın Baş Konsuluğuna rəhbərlik edir.
Xatırladaq ki, təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Qəza nəticəsində onların hamısının öldüyü bildirilir. "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurdu.
XXX
Azərbaycanın Rusiyadakı Baş konsulu Elşad Qulamovun ATV.az-a verdiyi məlumata görə təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdu.
7news.az








