Avropa Məlumatların Mühafizəsi Şurası Çinin "Tik-tok" platformasını uşaqların məxfiliyini pozduğuna görə milyonlarla funt sterlinq cərimələmək qərarına gəldiyini bildirib.
Bu barədə "The Guardian" məlumat yayıb.
Cərimənin dörd həftə ərzində veriləcəyi gözlənilir.
Tənzimləyici bu qərarı 2021-ci ildə İrlandiya Məlumatların Mühafizəsi üzrə Komissarının başlatdığı araşdırmadan sonra qəbul edib.
O, "Tik-tok"un Aİ-nin ümumi məlumatların qorunması qaydalarına uyğunluğunu və platformanın 13-17 yaşlı uşaqların məlumatlarını necə idarə etdiyini nəzərdən keçirib.
Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununa əsasən, "Tik-tok", feysbuk və digər iri onlayn platformalar qanunsuz məzmuna nəzarət etməli, müəyyən reklamları qadağan etməlidirlər.
Qeyd edək ki, bu ilin əvvəlində "Tik-tok" valideynlərin razılığı olmadan platformadan istifadə edən 13 yaşından aşağı təxminən 1,5 milyon uşağın məlumatlarının qanunsuz emalına görə 12,7 milyon funt sterlinq (14,7 milyon avro) cərimələnib.
Britaniya tənzimləyicisi "Ofcom" tərəfindən 2022-ci ildə aparılan sorğu sosial mediadan istifadə edən 8-17 yaşlı yeniyetmələrin 60%-dən çoxunun öz adlarında "Tik-tok" hesabının olduğunu müəyyənləşdirib.








