Azərbaycanınn qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyev və Şərif Şərifov Tokio 2020-də mübarizəyə qoşulub.
Hacı və Mariya yarışların yarımfinalına yüksəlib.
İlk mərhələdə seneqallı Adama Diattanı 4:0 məğlub edən Hacı Əliyev, ardınca qazaxıstanlı Daulet Niyazbekova heç bir şans verməyib - 9:1.
3 qat dünya çempionumuzu finala vəsiqə uğrunda hindistanlı Bajranq Puniya ilə görüş gözləyir.
3 qat Olimpiya mükafatçımız Mariya Stadnik isə ilk görüşdə Rusiya Olimpiya Komitəsinin nümayəndəsi Stalvira Orşuşu 11:7 hesabı ilə yenib.
8 qat Avropa çempionumuz 1/4 finalda tunisli Sarra Hamdi ilə üz-üzə gəlib.
Qarşılaşmanı vaxtından əvvəl bitirən 33 yaşlı güləşçimiz (10:0) yarımfinala adlayıb. Onu burada yaponiyalı ikiqat dünya çempionu Yui Susaki ilə çətin görüş gözləyir.
İdmançımız Susakidən 2018-ci ildə Macarıstanda keçirilən dünya çempionatının finalındakı məğlubiyyətin revanşını almağa çalışacaq.
Olimpiya çempionumuz Şərif Şərifov isə ilk mərhələdə Abdulrəşid Sadulllayevə (Rusiya Olimpiya Komitəsi) 0:5 hesabı ilə uduzub. Olimpiya və 4 qat dünya çempionu finala yüksəlsə, Şərifov təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 13:15-də başlayır.








