ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət büdcəsi hesabına Meksika ilə sərhəddə divarın tikintisinə razılıq üçün Konqresə müraciət edəcək.
7news.Az xəbər verir ki, bu haqda "Politico” nəşri bildirib.
Qəzetin məlumatına görə, Trampın keçid komandası divarın tikintisinin maliyyələşdirilməsi təklifi ilə ABŞ Konqresinə müraciət etmək niyyətindədir. Bildirilir ki, bu, Corc Buşun administrasiyası zamanı - 2006-cı ildə qəbul edilmiş qanun layihəsinin sayəsində mümkün ola bilər. Həmin qanun cənub sərhədində 1,1 min kilometr uzunluğunda "fiziki baryer”in tikintisinə icazə verir. Sözügedən qanun layihəsinə səs verənlər arasında ABŞ prezidenti Barak Obama və sabiq dövlət katibi Hillari Klinton da var.
Bildirilir ki, divarın tikintisinin maliyyələşdirilməsi üzrə qərar aprelin 28-nə, dövlət büdcəsi haqqında qanun layihəsinin qəbuluna qədər qəbul edilməlidir.
Trampın özü "Twitter”dəki mikrobloqunda əmin edib ki, Meksika hakimiyyəti divarın tikintisi üçün ABŞ-ın xərcləyəcəyi məbləğin əvəzini verəcək. Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi haqqında qərar tikinti prosesinin sürətləndirilməsi üçün lazımdır.
Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikintisi Trampın seçkiqabağı kampaniyası zamanı verdiyi vədlərdən biridir. O, divarın məhz meksikalıların hesabına tikiləcəyini dəfələrlə dilə gətirib.
7news.Az








