ABŞ Prezidenti Donald Tramp aprelin 1-də (Bakı vaxtı ilə aprelin 2-də) İrana qarşı hərbi əməliyyatla bağlı ABŞ xalqına müraciət edəcək.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barədə "X"də məlumat verib.
"Sabah axşam saat 21:00-da (Bakı vaxtı ilə aprelin 2-də səhər saat 05:00) Prezident Tramp İranla bağlı mühüm yeniliklərin təqdimatı üçün xalqa müraciət edəcək", - deyə Livitt bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.








