Azər Qasımlı: "ABŞ siyasətində belə bir nümunə irəlidə sistem üçün ciddi baş ağrısına çevrilə bilər”.
Elxan Şahinoğlu: "Əgər yanlış addım atsa, impiçment gündəliyə gələcək”
ABŞ-ın yeni prezidenti Donald Tramp səlahiyyətlərinə başlar-başlamaz cəmiyyətin böyük təzyiqi ilə üzləşib.Yanvarın 22-də ona qarşı 1 milyondan çox vətəndaş etiraz aksiyalarına çıxıb.Nümayişçilər Trampı Rusiyaya işləməkdə suçlandırır, vəzifəsindən könüllü olaraq istefa verməsini tələb edirlər.Yeni prezidentin seçkilərin nəticələrini saxtalaşdırmaq yoluyla hakimiyyətə gəldiyini iddia edənlər də var.
ABŞ KİV-lərində yayılan məlumatlara görə, daxildən müəyyən siyasi dairələr tərəfindən verilən etiraz nümayişləri Tramp administrasiyası daxilində siyasi böhran yarada bilər.Hesab olunur ki, proseslər öz çərçivəsindən çıxacağı halda üzvü olduğu Respublikaçılar Partiyası impiçment məsələsini Konqresin gündəliyinə çıxara bilər.Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-da bir sıra daxili siyasi qüvvələrin Trampı devirməyə çalışdıqlarını iddia etmişdi.Putin bildirmişdi ki, etiraz nümayişləri "Maydan” hərəkatının ABŞ-da təkrarlanması və bununla da yeni prezidentin devrilməsiylə başa çata bilər.
"Artıq Amerikada Tramp dövrü başlayıb”

REAL Hərəkatı sədrinin ictimai siyasi məsələlər üzrə müavini Azər Qasımlı "Cümhuriyət”ə bildirib ki, Trampa qarşı keçirilən etiraz nümayişlərinin Amerika demokratiyasına həm mənfi, həm müsbət təsirləri var. A.Qasımlının sözlərinə görə, mənfi təsiri budur ki, Tramp səlahiyyətlərini icra etməyə yeni başlayıb və o, açıq, şəffaf, ədalətli seçkilərdə qalib gəlib:
"Ümumiyyətlə, ABŞ-da seçki kampaniyasını aparmaq olduqca çətin işdir. Bu, böyük insan və pul resurslarını mobilizasiya etmək, düzgün PR strategiyası seçmək, 2 il ərzində bütün ölkəni qarış-qarış gəzmək, 100 minlərlə insanla təmasda olmaq, mitinqlər keçirmək, minlərlə publik çıxışlar etmək tələb edir. Tramp və onun komandası bütün bunlardan keçərək qalib gəlib. On milyonlarla seçici ona inanıb və səs verib.Bu gün isə demokratik seçkilərin nəticəsindən narazı qalan kütlə ona etiraz edir.Məsələ budur ki, etiraz edənlərin dəstəklədikləri namizədlər məğlub olub. Tramp da prezident kimi hələ səhv etməyib, çünki ümumiyyətlə heç nə etməyib. Lakin etirazlar yeni seçilmiş prezidentin legitimliyini zədələyir və istər-istəməz ona səs verən seçicilərin haqlı qıcığına və etirazına səbəb ola bilər. ABŞ siyasətində belə bir nümunə irəlidə sistem üçün ciddi baş ağrısına çevrilə bilər.Yəni etiraz olacaqdısa, onda seçki nəyə lazımdır?Başqa sözlə, ayın 22-dəki etirazlar seçki institutunu zədələyir.Bu məsələnin mənfi tərəfidir”.
Etirazların müsbət tərəfinə gəlincə, REAL yetkilisinin sözlərinə görə, avtoritarlığa meylli siyasətçilərə elə əvvəldən başa salmaq lazımdır ki, işlərində çox da irəliyə getməsinlər. Lakin Azər Qasımlı hesab etmir ki, etiraz nümayişlərinin məntiqi nəticəsi olaraq, prezidentlikdən kənarlaşdırılacaq: "Bu mümkün deyil. Çünki Donald Tramp seçilmiş prezidentdir və andiçmə mərasimi də keçirilib.Düzdür, mətbuatada o məlumatlar sızdırıldı ki, kiber hücumlarla seçkilərin nəticələrinə təsir edilib, amma bu qanunda öz təsdiqini tapmadı.Buna görə də Tramp legitim prezidentdir, bu şəkildə də onu qəbul edirlər.Keçmiş Obama administrasiyasının da bir etirazı olmadı.Geriyə dönüş yoxdur, artıq Amerikada Tramp dövrü başlayıb”.
"İlk səhv addımda özünü bitirəcək”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Cümhuriyət”ə deyib ki, Donald Trampa fəaliyyət göstərdiyi dövrdə çox çətin olacaq. E.Şahinoğlu hesab edir ki, ona qarşı olan daxili təzyiqlər də bundan xəbər verir: "Səkkiz il əvvəl Barak Obama prezident seçilərkən belə bir müqavimətlə qarşılaşmamışdı. Amma indi Trampa qarşı yürüşlər keçirilir, impiçment məsələsindən danışılır.Konqresdə müəyyən qruplar formalaşıb ki, yeni prezidentə Rusiyaya qarşı olan sanksiyaları ləğv etməmək barədə ultimatumlar göndərirlər.Hətta üzvü olduğu Respublikaçılar Partiyasından da ona etiraz edənlər var. Faktiki olaraq, fəaliyyətini məhdudlaşdırmağa çalışırlar.Bu da onu göstərir ki, qarşıdakı 4 ildə Tramp təzyiqlər altında fəaliyyət göstərəcək.Media, ictimaiyyət və Konqres tərəfindən onun qarşısında "qırmızı xətt” çəkilib.Buna görə də Tramp vəd etdiyi istiqamətlərdə uğur qazana bilsə, cəmiyyətdə özünə qarşı olan müqaviməti zəiflədəcək.Əks halda müqavimət getdikcə güclənəcək.Elə bir hal yarana bilər ki, Tramp səlahiyyət müddətini başa çatdırmaya da bilər.Əgər hansısa səhv addım atsa, impiçment məsələsinin gündəmə gəlməsi labüd olacaq”.//cebhe.info
7News.az








