RU
TUMİB Müşfiqabadda dini radikalizmə qarşı növbəti tədbirini keçirdi
12:30
635

TUMİB Müşfiqabadda dini radikalizmə qarşı növbəti tədbirini keçirdi

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMIB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhərinin kəndlərində “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin təbliği” adlı yeni layihənin icrasına davam edir. Bu çərçivədə Müşfiqabad qəsəbəsində tədbir keçirilmişdir. Tədbirin məqsədi həyata keçirilən layihə haqqında iştirakçılara məlumat vermək, multikulturalizmi, tolerantlığı təbliğ etmək, dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərləri, bu istiqamətdə Azərbaycan Respublikasının qanunları haqqında məlumat vermək, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və dini dözümlülüyə sahib tolerant gənclərin yetişməsinə nail olmaqdır.

Tədbiri açıq elan edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsinin müavini Şikar Həsənalıyev iştirakçıları salamlayaraq tədbirin qısa mahiyyəti haqqında məlumat verdi və sözü TUMİB sədri Çingiz Bayramova verdi. Natiq Azərbaycanda din siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə və milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs etdi. O, ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı. Natiq bildirdi ki, Mübariz Qurbanlının rəhbərliyi altında DQİDK dini radikalizmə qarşı səmərəli fəaliyyət göstərir. Ç.Bayramov Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. Natiq Bakı kəndlərinin Azərbaycanda dini mədəniyyətin formalaşmasındakı əhəmiyyətini də qeyd etdi.

Ç.Bayramovdan sonra çıxış edən DQİDK-nin Bakı şəhəri şöbəsinin müdir müavini Ceyhun Əliyev Azərbaycan hökumətinin tolerantlıq və dini dözümlülük siyasəti, DQİDK-nin dini radikalizmə qarşı gördüyü tədbirlər haqqında məlumat verdi və gəncləri milli dövlətçilik ənənəsinə sadiq olmağa dəvət etdi.

Daha sonra söz tarix üzrə fəlsəfə doktoru Mahir Qəribova verildi. Natiq milli-mənəvi dəyərlərin təbliğində gənclərə böyük rol düşdüyünü qeyd etdi. O, gəncləri tarixi dərindən öyrənməyə, milli qəhrəmanlarımızı təbliğ etməyə və milli ideologiyaya sadiq olmağa dəvət etdi.

Ondan sonra söz TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verildi. Natiq tarix boyu Azərbaycanda müxtəlif etiqad mənsublarının birlikdə  mehriban yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək dinin təbliğində zərərli xarici sektaların təsirindən qorunmaq üçün Seyid Yəhya Şirvani, Mir Məhəmməd Kərim əl-Bakuvi kimi milli din xadimlərinin maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı.

Ə.Fərhadovdan sonra söz yerli dini icmanın sədri İrşad Süleymanova verildi. Natiq qəsəbədəki dini vəziyyət haqqında məlumat verərək, radikal dini cərəyanlara qarşı qəsəbədə ciddi mübarizə aparıldığını, yerli sakinlərin Azərbaycan hökumətinin din siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi.

İ.Süleymanovdan sonra TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxış edərək bayrağımızdakı dəyərlərin gənclər tərəfindən mənimsənilməsinin əhəmiyyətini vurğuladı.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və aktiv iştirakçılara diplomlar verildi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ