Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində yeni müstəqil Türk dövlətlərinin yaranması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha çox birlikdə hərəkət etməsi zərurətinin yaranmasına gətirib çıxarmışdır.
Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular.
Bu istiqamətdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik.
Cənab İlham Əliyevin türk dövlətləri arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Türk Mədəniyyət və Miras Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir.
Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY Türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımından dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır və ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir.
Məlum olduğu kimi, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə cənab Prezident İlham Əliyevin ev sahibliyində imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, bu il, 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının Zirvə görüşü cənab Prezident İlham Əliyevin evsahibliyində Azərbaycanda keçiriləcəkdir. Qeyd etmək istərdim ki, 2013-cü ildə Dövlət Başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilmişdir. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional Türk Diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.
TÜRKPA isə tarix, dil və mədəniyyət
ümumiliyinin verdiyi imkanlardan istifadə edərək parlament diplomatiyası vasitəsilə
Türk xalqlarının və dövlətlərinin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli
siyasi dialoq forumu rolunu oynayır. TÜRKPA-nın ilk Baş katibi olaraq, dörd il
Parlament Assambleyasına rəhbərlik etmiş bir şəxs kimi və eyni zamanda, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı və digər üzv dövlət
başçılarının hərtərəfli dəstəyi ilə seçilmiş və dörd il Türk Şurasının Baş
katibi olaraq fəaliyyət göstərmiş bir şəxs kimi deyə bilərəm ki, dövlət
başçılarımızın vermiş olduğu tapşırıqlar uğurla həyata keçirilməkdədir və
iqtisadi, siyasi, strateji əməkdaşlıq istiqamətində məhz bu qardaş təşkilatlar
ikitərəfli platformanın çoxtərəfli platformaya çevrilməsinin ən gözəl nümunəsidir.
Eyni zamanda, Türk Akademiyası və Türk Mədəniyyət və Miras Fondu kimi təşkilatlar
da ölkələrimiz arasında elm, təhsil və mədəni-humanitar əlqalərin inkişafına
böyük töhfələr verir. Bu təşkilatlar vasitəsilə türkdilli ölkələr həm öz
milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir
güc kimi təmsil olunurlar. Buna görə bu birliyin güclənməsi zamanın tələbinə
çevrilmişdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, şübhəsiz, qardaş Türk respublikaları - Özbəkistan
və Türkmənistanla olan əməkdaşlığın genişləndirilməsi də çox əhəmiyyətlidir.
Əlbəttə, bu, könüllü əsasda olmalıdır. Qeyd etmək lazımdır ki, Türkdilli ölkələrin
Dövlət Başçılarının keçən ilin sentyabr ayında Qırğızıstanda keçirilmiş Zirvə
toplantısında, təxminən 20 illik fasilədən sonra Özbəkistan dövlət başçısı səviyyəsində
iştirak etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Macarıstan Türk Şurasında
müşahidəçi statusu almışdır. Macarıstanın Baş naziri Viktor Orban da
Qırğızıstanda keçirilən Zirvə görüşünün iştirakçısı olmuşdur. Artıq bu ölkələrin
təmsilçiləri Türk Şurası və TÜRKPA-nın toplantılarında müşahidəçi və qonaq
qismində iştirak edirlər. Və bu fəaliyyətlər gələcəkdə qardaş ölkələrin Türk əməkdaşlıq
qurumlarında tam hüquqlu üzv kimi iştirak etmələri üçün əlverişli zəmin
yaradır. Bu da Türk Şurası və digər türk əməkdaşlıq qurumlarının dövlət
başçılarımızın vermiş olduğu tövsiyələrə və istiqamətə uyğun olaraq fəaliyyətinin
bariz göstəricisidir.
Türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin
ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul
olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin Türk
dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması
kimi məsələləri də vurğulaya bilərik. Burada Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır ki, münaqişənin Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
pozulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə
toplantılarının qəbul etmiş olduğu qətnamələrində xüsusi olaraq vurğulanmışdır.
Bunu Azərbaycanın uğuru olmaqla bərabər, eyni zamanda, türkdilli dövlətlər tərəfindən
Azərbaycanın haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri bir töhfə
və həmrəylik kimi qəbul edə bilərik.
Türkdilli dövlətlər regionda öz
aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı
anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər. Ona görə də türkdilli
ölkələr arasında Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatlar digər üzv
olmayan ölkələr və təşkilatlar üçün hər zaman açıq olmuşdur. Dövlət
başçılarımız dəfələrlə öz bəyanatlarında bunu xüsusi olaraq vurğulamışlar ki,
bizimlə qarşılıqlı əməkdaşlığa maraq göstərən bütün təşkilatlar və ölkələr bu təşkilatlara
içərisinə inteqrasiya edə bilərlər və bununla da ölkələrimizin hər birinin
ortaq maraqlarına xidmət edəcək şəkildə məmnunluq duyulacaqdır. Məhz buna görə
də Özbəkistan, Türkmənistan və Macarıstan bu inteqrasiya prosesinə qoşulmuşlar
və əminik ki, bu proses gələcəkdə daha da inkişaf edərək davam edəcəkdir.
Bundan əlavə, yuxarıda qeyd olunan türk əməkdaşlıq qurumları bir sıra nüfuzlu
beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Türk Şurası
BMT, BMT-nin İnkişaf Proqramı, Ümumdünya Ticarət Təşkilatı, ATƏT və digər
nüfuzlu təşkilatlar ilə mükəmməl dialoq qurmuşdur. TÜRKPA İslam Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqı, Beynəlxalq Parlamentlərarası İttifaq, Beynəlxalq Parlamentlərin
Baş Katiblərinin Assosiasiyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası
və Asiya Parlament Assambleyası tərəfindən müşahidəçi statusu almışdır. Eyni
zamanda, Assambleya ATƏT, ATƏT PA, Avropa Parlamenti, İƏT, GUAM, MDB PA, Baltik
Assambleyası və QDİƏT Parlament Assambleyası kimi bir sıra hökumətlərarası və
parlamentlərarası təşkilatlarla əlaqələri inkişaf etdirir və fəaliyyətlərində
qonaq qismində iştirak edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində, TÜRKSOY
qeyri-maddi mədəni irsin qorunması ilə bağlı UNESCO ilə birgə fəaliyyətlər həyata
keçirməklə əlaqələri inkişaf etdirir. Digər beynəlxalq təşkilatlarda da bu səviyyədə
iştirak türkdilli ölkələrə onların maraq dairəsində olan məsələlərin müzakirəsi
və beynəlxalq arenada dəstəklənməsində ortaq mövqedən çıxış etmək üçün önəmli
imkanlar yaradır.
Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Təkcə 2017-ci ildə Azərbaycanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi 11,4%, 2018-ci ilin 8 ayı üzrə isə 16% artıb. İnvestisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Türk Şurası ölkələrinə 14 mlrd. ABŞ dollarından çox, Türk Şurası ölkələri isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan artıq sərmayə yatırıb. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkanlar var. Bundan başqa, birlik ölkələri arasında investisiya yatırımı və onlayn ticarətin genişlənməsi də önəmli imkanlardan hesab olunur.
Qardaş dövlətlər olan
Qazaxıstanın Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsi dörd milyard dollar təşkil
edir. Qırğızıstan ilə bu rəqəm bir milyard dolları ötmüş, Azərbaycan ilə yarım
milyard dollara çatmışdır.
Bu faktlar göstərir ki, ölkələrimizin ümumi iqtisadi gücü ildən-ilə artır.
Qazaxıstan, Azərbaycan və Türkiyə həmçinin kosmik proqramlara malikdirlər.
Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və
ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər.
Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və
ya əsaslı təmir edilir.
Dövlətimizin iqtisadi qüdrətinin artması regionda həyata keçirilən transmilli
layihələrin uğuruna təminatı artırır. Hazırda ölkələrimizin yerləşdiyi
regionlarda həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı,
Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya
bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri
artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi
və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir.
Eləcə də Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir.
2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında
imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu türkdilli ölkələr
arasında nəqliyyat dəhlizlərinin inkişaf planları ilə milli nəqliyyat
planlarını birləşdirən daha səmərəli regional nəqliyyat sisteminin yaradılması
üçün nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bütün
bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət
və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilir.
Həmçinin ölkələrimizdə irimiqyaslı infrastruktur layihələri də reallaşdırılır.
Ən çətin infrastruktur layihələrindən biri Marmara Dəmiryol Tuneli və Şəhərətrafı
Kütləvi Dəmiryolu nəqliyyat sistemidir. 2013-cü ilin oktyabrında Türkiyənin Baş
naziri vəzifəsində olan cənab Rəcəb Tayyib Ərdoğan iki qitə arasında dünyada
ilk sualtı dəmir yolunun açılmasını həyata keçirdi. İstanbul boğazının hər iki
tərəfindəki dəmiryol parçaları bir-birinə boğazın altından keçən tunel vasitəsilə
bağlanır. Layihə hal-hazırda dünyada ən böyük infrastruktur layihələrindən
biridir.
Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır. İlk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir və Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçməsindən sonra Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olmuşdur ki, bu imkanları ilə Ələt regionda ən böyük qeyri-neft yüklərin daşınması limanıdır. Limanın da əhəmiyyəti çox önəmlidir, Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulması onun önəmini artırır.
Qeyd etmək lazımdır ki,
Qazaxıstan da hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirməkdədir.
Buna Qərbi Çin - Qərbi Avropa avtomagistralının Qazaxıstan hissəsini misal göstərmək
olar. Qazaxıstan artıq Qorqas-Jetiqen və Qərbi Qazaxıstan-Türkmənistan sərhədi
dəmir yol xətlərini istismara verib və Mərkəzi Qazaxıstanla Qərbi Qazaxıstanı
birləşdirən böyük dəmir yolu xətti salmaqdadır.
Qırğızıstan Respublikası da nəqliyyat infrastruktur layihələrinin icrasına
başlamışdır; bunlardan biri Mərkəzi Asiya və Çini birləşdirən
Bişkek-Narın-Toruqart yolunun bərpasına yönəlmişdir. Oş şəhərindən başlayan, cənub-qərbə
qədər davam edən və Tacikistanla sərhəddə yerləşən İsfana şəhərində sona çatan
Oş-Batken-İsfana yolunun bərpası əhəmiyyətli dərəcədə Cənubi Asiya ticarət
bazarlarına çıxışı təmin edəcəkdir. Oş-Calal Abad-Kok-Yanqak və
Balıkçı-Bişkek-Luqovoye (Qazaxıstan) marşrutları isə müvafiq olaraq, Özbəkistan
və Qazaxıstan vasitəsilə Rusiya ilə birləşir. Onların Avrasiya dəmir yolu dəhlizinə
bağlı Avropa, Mərkəzi Asiya və Çinlə birləşməsi gözlənilir.
Çin-Qırğızıstan-Özbəkistan dəmir
yolunun inşasına gəlincə, bu layihənin məqsədi Avrasiya transkontinental dəmir
yolunun Qırğızıstan ərazisindən keçən və İran körfəzi və Aralıq dənizini birləşdirən
Cənub Dəhlizini inkişaf etdirməkdir. Bu layihənin həyata keçməsi ilə Şərqi
Asiyadan Yaxın Şərqə və Cənubi Avropaya gedən yolun uzunluğu 900 km-ə qədər,
çatma vaxtı isə 7-8 günə qədər azalacaq.
Hal-hazırda türkdilli ölkələrdə digər enerji-nəqliyyat layihələrinin həyata
keçirilməsinə hazırlıq görülür. Regional əməkdaşlığın gözəl nümunələri olan bu
layihələr türk dünyasının xalqlarına tərəqqi və inkişaf gətirir.
Yekun olaraq qeyd etmək lazımdır
ki, yuxarıda sadalanan müxtəlif sahələrdəki əməkdaşlıq gələcəkdə Türk
dünyasının qlobal siyasi və iqtisadi proseslərdə rolunun güclənməsinə mühüm
töhfələr verəcəkdir. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq
kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Ramil HƏSƏN
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının keçmiş Baş katibi,
SIGA Beynəlxalq təşkilatın Vitse-prezidenti
"Yeni Azərbaycan” qəzeti











