Türkiyənin Müdafiə Nazirliyi Ukraynada yaradılan və tərkibinə Krım tatarlarının daxil olduğu Noman Çelebicixan adına könüllü batalyona hərbi kömək göstərməyə başlayıb.
Bu barədə Krımın blokadasının koordinatoru olan Krım tatar fəalı Lenur İslyamov bildirib.
Onun sözlərinə görə, Türkiyədən yaxın vaxtlarda geyim və ayaqqabı dəstlərinin çatdırılması gözlənilir. Lenur İslyamov qeyd edib ki, batalyonda 560 nəfər daxildir. Yanvarın 15-nə kimi batalyona hərbi hissə nömrəsi verilməlidir.
Lenur İslyamov bildirib ki, könüllü batalyon Krıma zərbələr vuracaq. Onun sözlərinə görə, batalyon Ukrayna Baş qərargahı tərəfindən qarşıya qoyulan məsələləri yerinə yetirəcək.
“Biz Krımdakı bütün cığırları və bulaqları tanıyırıq. Krım tatarlarını Krımda gözləyirlər. Biz Krımın azad edilməsini yaxınlaşdıracağıq. Bizə deyirlər ki, 3-4 il beynəlxalq səviyyədə gözləyin. Biz isə istəyirik ki, bu bir il ərzində baş versin”, - Lenur İslyamov deyib.
Tatar fəalı hesab edir ki, Krımın enerji blokadasını davam etdirmək, həmçinin ərzaq blokadasını genişləndirmək lazımdır. Onun sözlərinə görə, Krıma mal aparan gəmilərə kiçik katerlərlə hücumlar təşkil etmək olar. Lenur İslyamov yarımadanın dəniz blokadasını təşkil etmək üçün “maraqlı metodlar”ın çox olduğunu düşünür.
Qeyd edək ki, Rusiyada Lenur İslyamova qarşı diversiya fəaliyyətinə görə qiyabi ittiham irəli sürülüb./Publika
7news.az








