Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətilə bağlı son qərarın verildiyini bildirib.
Ölkə rəhbəri yerli mətbuata açıqlamasında kürdlərə qarşı sanksiyaların tətbiq olunacağını deyib. Onun sözlərinə görə, Türkiyə Şimali İraq tezliklə quru və hava sərhədlərini bağlayacaq.
"Kartların yenidən qaldırıldığı, oyunların başlandığı, xəritələrin yenidən çəkildiyi dövrdə yaşayırıq. Çox təəssüf ki, ötən əsrdə olduğu kimi indinin özündə də açar sözü var. "Böl”, "parçala”, "dağıt” kimi əmrlərlə ölkələr dağılır. Şimali İraq üçün də vəziyyət bitməyib, əksinə yenidən başlayır. Kürdlərlə bizim çox yaxın əlaqələrimiz vardı. Lakin onlar bizə qarşı hörmətsizlik etdilər. Bundan sonra bütün yollar bağlanacaq. Hava əlaqəsi artıq dayandırılıb, hava məkanı və quru sərhədlər də tezliklə bağlanacaq. Kimsə bundan sonra həmin bölgəyə gedə, yaxud gələ bilməyəcək”, - deyə Ərdoğan qeyd edib.
Ərdoğan hələ də kürdlərin səhvlərini düzəltmək üçün şanslarının olduğunu deyib: "Onlar hələ də öz səhvlərini düzəldə bilərlər. Əgər onlar inadlarından dönərlərsə, bölgədə vəziyyət düzələr. Şimali İraqla həm ticarət, həm də siyasi əlaqələrimiz bərpa olunar”
Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib. Lakin referendum baş tutub. Səsvermənin nəticələrinə görə, 93 faiz müstəqilliyə "hə”, 7 faiz isə "yox” deyib. Nəticələrə əsasən kürdlər müstəqilliklərini qəbul ediblər.
ABŞ, Avropa dövlətləri, o cümlədən Türkiyə və İran keçirilən referendumu tanımayıb. İran da qonşu dövlətlər kimi İraq hökumətinin mövqeyini dəstəkləyib.








