Əməliyyatlar çərçivəsində çoxlu sayda dövlət məmuru, din xadimi, polis məmuru və hərbçi saxlanılıb
Bundan əlavə terrora qarşı keçirilən əməliyyatlarda isə HDP-ni təmsil edilən deputatlar saxlanılıb.
Bəzi ekspertlər bunu Ərdoğanın həyata keçirdiyi konstitusiya islahatları ilə də əlaqələndirirlər. Belə ki, bu yolla Ərdoğan rəqiblərini zərərsizləşdirir.
Türkiyədə baş verən hadisələri politoloq Elşən Manafov "Ölkə.Az"-a şərh edib:
"Gülənçilərlə bağlı həyata keçirilən tədbirlər göstərir ki, Tcürkiyədə dövlətçilik üçün yaranmış təhlükə hələ də aradan qaldırılmayıb. Bu mənada PKK-ya qarşı keçirilən tədbirlər müəyyən mənada Gülən hərəkatından fərqlənir. Gülənçilər Türkiyədə paralel dövlətçilik həyata keçirməklə bağlı məqsədlərində israrlıdılar və Türkiyənin hüquq mühafizə orqanlarında Fətullah Gülənin həyata keçirmək istədiyi siyasəti hələ də təmsil edən şəxslər az deyil. Maraqlıdır ki, Gülənçilərin zərəsizləşdirilməsi ilə bağlı tədbirlər həm ölkənin hüquq-mühafizə sistemində, həm təhsil, həm də səhiyyə sistemində həyata keçirilir. Bu onu göstərir ki, Gülənçilər zaman-zaman bu ölkənin müvafiq qurumlarına gerçəkdən sirayət edə biliblər. Onlar çox ciddi təsir imkanlarına malikdirlər. Bu təsir imkanlarının olması Türkiyənin indiki iqtidarını təhlükəsizlik tədbirləri həyata keçirməyə sövq edir".
Politoloq bildirdi ki, PKK ilə bağlı məsələyə fərqli müstəvidən yanaşmaq olar:
"İndiki iqtidarın Türkiyədə həyata keçirmək istədiyi konstitusiya islahatları, Ərdoğanın təklifi ilə prezident institutunun güclənməsi ilə bağlı təkliflər Türkiyə Böyük Millət Məclisində PKK-nı təmsil edən deputatların nəinki fərqli mövqe sərgiləmələri, hətta TBMM-də dava-dalaş, qalmaqalın yaşanması bu qurumu təmsil edən deputatlara qarşı müvafiq addımların atılmasına gətirib çıxarır. Bu addımların konstitusiyon baxımından doğru olub-olmadığı məsələlərinə hər halda hüquqşünaslar aydınlıq gətirməlidir. Avropa ittifaqının, Türkiyədəki müvafiq institutların, Ana müxalifətin mövqeyi ondan ibarətdir ki, TBMM-də təmsil olunan deputatlar ən azından toxunulmazlıq hüququna malik olduqlarından onlara qarşı həyata keçirilən tədbirlər Türkiyə konstitusiyasına görə qəbul olunmaz və qanunsuzdur. Bununla belə Ərdoğan iqtidarı prezidentlik institutunun gücləndirilməsi üçün qarşısına çıxan bütün səhv və maneələri istər hüquq, istərsə də qeyri-hüquq müstəvisində dəf etmək fikrindədir. Hal-hazırda Ərdoğan iqtidarı üçün hər iki tərəfdən olan təhlükə real olduğundan, o cümlədən onları xaricdən maliyyələşdirən qüvvələrin olması faktoru iqtidarın sifarişi ilə hüquq-mühafizə orqanlarını bəzən qeyri-qanuni addımlar həyata keçirmək məcburiyətində saxlayır.
Hər iki fakt göstərir ki, Ərdoğan iqtidarı üçün kifayət qədər təhlükə var. Bu təhlükənin reallığı Ərdoğan iqtidarını bəzi hallarda hüquqi, bəzi hallarda isə qeyri- hüquqi tədbirlər həyata keçirməyə məcbur edir".
Prezidentlik instutuna baxış Türkiyə cəmiyyətini iki yerə bölüb. Bir qism bu modeli bəyənir, digər qism isə Türkiyə iqtidarının həyata keçirmək istədiyi bu addımın yanlış olduğunu deyir. Türkiyə cəmiyyətini iki yerə bölən bu konstitusiya layihəsi barədə Elşan Manafov bunları qeyd etdi:
"Görünür Türkiyədə dövlətçiliyin qorunması və prezidentlik institutunun gücləndirilməsi Türkiyə dövlətçiliyinin qarşısında duran əsas məsələdir. Bu məsələnin özünə də münasibət fərqlidir. Bu məsələnin Türkiyə dövlətçiliyinin qarşısında duran əsas məsələ olduğunu Türkiyə ictimai fikirinə çatdıran iqtidarından fərqli olaraq, Türkiyə müxalifəti, o cümlədən Türkiyənin Ana müxalifəti Atatürk tərəfindən qoyulan dövlətçilik kursundan uzaqlaşdıqlarını iddia edir. Müxalifət və Avropa İttifaqını təmsil edən in stitutlar Ərdoğanı Türkiyədə Atatürk tərəfindən qurulmuş və müəyyən edilmiş dünyəvi dövlət modelinin prinsiplərindən və siyasətindən uzaqlaşmaq və Türkiyədə tolerantlığın ciddi təhlükə qarşısında olması ilə bağlı məsələləri vurğulayırlar. Hər iki halda kimin haqlı olub-olmamasını Türkiyə cəmiyyəti müəyyənləşdirəcək.
Konstitusiya layihəsinə həm PKK-nı təmsil edən deputatlar, həm də Ana müxalifət qarşı çıxır. Hər iki təşkilatı Avropa institutları müdafiə edir. Ərdoğanın prezident institunu gücləndirmək üçün həyata keçirdiyi islahatlar Türkiyənin Atatürkün qoyduğu dövlətçilik kursundan kənara çıxmaq, Türkiyəni Yeni Osmanlı dövrünə gətirmək və eyni zamanda türk cəmiyyətində tolerantlığa səlib yürüşü kimi qiymətləndirilir. Bu mənada həm Avropa institutlarının, həm də Türkiyənin ana müxalifətinin bəyanatları Türkiyənin mövcud qanunvericiliyinə istinad etdiyindən və beynəlxalq hüquq normaları, insan hüquq normalarını özündə ehtiva etdiyindən bu mənada qəbul olunandır. Ancaq Ərdoğanın keçirdiyi islahatlarda Türkiyə cəmiyyəti tərəfindən ciddi müqavimət yoxdur"./olke.az
7news.Az








