Sənədlər şirkətlərin iddiasını təkzib edir.
Azad Istehlakçılar İctimai Birliyinə Hacıqabul Quşçuluq Şirkəti, Əlvan Quşçuluq Şirkəti, İmişli Quşçuluq, Astel MMC və fiziki şəxs İsmayıl Əliyev tərəfindən imzalanmış ərizə daxil olub.
7news.Az xəbər verir ki, sözügedən ərizədə Türkiyə Respublikasından gətirilmiş yumurta məhsullarında “salmanello” virusunun olması ehtimalı qeyd edilib.
Həmçinin, qeyd olunan ərizədə Türkiyə Respublikasından ölkəmizə idxal edilən yumurtaların Türkiyənin mağazalarından yığılaraq Respublikamıza idxal olunduğu və bu yumurtaların qidalanmaq üçün yararsız olduğu göstərilmişdi. Bu haqda bəzi saytlarda məlumat yayılıb.
AİİB sədri Eyyub Hüseynov bildirib ki, yayılan məlumatlardan sonra Türkiyə Respublikasından yumurta idxal edən fərdi sahibkar Salmanov İlqar Məhəmməd oğlu Azad Istehlakçılıar İctimai Birliyinə müraciət edərək, Türkiyə Respublikasından idxal etdiyi yumurta məhsullarına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Respublika Baytarlıq Laboratortiyasının müayinə və icazə aktlarını, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən yumurta məhsullarına görə verilmiş müvafiq sertifikatları, eləcə də həmin yumurtanı ixrac edən Türkiyə şirkətləri haqqında tam, dolğun şəkildə məlumatları Azad İstehlakçılar İctimai Birliyinə təqdim etmişdir.
Sahibkarın təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, respublikamıza Türkiyədən idxal olunan yumurta ərzaq məhsulu kimi Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib.
Aparılan müayinələrin nəticəsinə görə, idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi, o cümlədən, “salmanello” virusu aşkar edilməyib, bu sənədlərlə AİİB-ə şirkətlər tərəfindən verilmiş məlumatda göstərilən ehtimallar təsdiq olunmur.
7news.Az








