Ötən həftə Türkiyənin Bahçeşehir Universitetinin (BAU) azərbaycanlı məzunları Bakı şəhərində görüş keçirmişdir.
Bu il ikinci görüşünü keçirən məzunlarımız bunun artıq bir ənənə olduğunu qeyd etmişlər.
Qardaş Türkiyədən qonaq gələn Bahçeşehir Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə universitetin məzunları tələbəlik illərindən qalan xatirələrini bölüşərək, yeni əlaqələrin inkişafı ilə əlaqədar müzakirələr aparmışdır.
Tədbirdə ilk öncə qoşunların təmas xəttində ölkəmizin süverenliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz yad edildi.
Daha sonra Bahçeşehir Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin direktoru Erbay Şirin söz alaraq Bakıda məzunlarla yenidən görüşməyin sevincini bölüşdü, onlara qardaş ölkənin salamlarını çatdırdı. Natiq vurğuladı ki, ümid edirəm gələcək illərdə daha böyük kollektivlə bir araya gələcəyik və BAU ailəsi olaraq siz məzunlarımızın iş və təhsil həyatında uğurlarını qeyd edəcəyik.
Çıxış etmək üçün söz alan BAU Məzunlarla İş Mərkəzinin təmsilçisi Melih Elidüzgün, ilki qardaş ölkə Azərbaycanda təşkil olunan məzun görüşlərinin davamlı olacağını, bunun dünyanın bir çox ölkəsində bir ənənə olacağına və ən əsası məzunlarla mütəmadi olaraq yeni layihələrdə görüşəcəyinə inandığını bildirdi. Və xatırlatdı ki, dünyada 4 universiteti, 2 dil kursunu və 6 filialı özündə birləşdirən BAU Global tələbələri və məzunları 3 qitəni, bir çox ölkəni təmsil edir.
Universitetin məzunları isə öz növbəsində yaxın perspektivdə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafına böyük fayda verəcəyinə inandıqları BAU ailəsinin üzvü olmaqdan məmnunluqlarını ifadə etdilər.
Azərbaycan Gənclər Təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi tədbirin sonunda xatirə şəkli çəkildi.








